“Gənclərimiz beynəlxalq miqyasda ciddi uğurlar qazanırlar” ÖZƏL-MÜNASİBƏT

“Gənclərimiz beynəlxalq miqyasda ciddi uğurlar qazanırlar” ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir”. Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır: “Gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar. Xüsusi olaraq qeyd edim ki, məhz Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu dövlət siyasətinin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanırlar.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olmuş və hər zaman onlara dəstək verib. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu siyasət ardıcıl olaraq davam edir.

Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapıb. Bundan başqa, "Bədən tərbiyəsi və idman haqqında" qanun və müvafiq fərman və sərəncamlar, eləcə də, dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına imkan yaradıb.

Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərimiz üçün mühüm istiqamətlər mövcuddur”.

Ölkəmizin gələcəyinin etibar olunacağı gənc nəslin sağlam ruhda, əsl vətənpərvər kimi yetişməsi, yüksək təhsil alması Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladığı önəmli sahələrdəndir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gənclərimizin ictimai-siyasi fəallıqlarının artırılması, onların dünyanın müxtəlif ölkələrində azərbaycançılıq məfkurəsi ətrafında birləşərək ölkəmizin təbliği sahəsində misilsiz fəaliyyət həyata keçirir. Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir. Bu siyasət sağlam və savadlı nəslin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından xüsusi önəm kəsb edir. Sərəncamda qeyd edildiyi kimi, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Məlumdur ki, son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə on minlərlə könüllü cəlb olunub və onların əməyi yüksək qiymətləndirilib. Bütövlükdə, həyata keçirilən tədbirlərin fonunda respublikamızda təcrübəli könüllü bazası formalaşıb və Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə