Yanvarın 30-da 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun ucqar kəndlərindən olan Baş Daşağılda, Muxas kəndində və Malıx yaşayış məntəqəsində təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. O, kənd sakinləri ilə görüşdə onların problemləri ilə maraqlanıb, əvvəlki illərdə görülən işlər barədə söhbətlər aparılıb.
Seçicilərdən çıxış edənlər - Nadiyət Dadyeva, Pünhan Səmədova, Nəsib Nəsibov, Ramiz Məmmədov və başqaları ölkədə gedən inkişafdan, abadlıq işlərindən məmnunluq ifadə ediblər və bütün bu işləri həyata keçirən ölkə başçısı İlham Əliyevə çətin və şərəfli işində uğurlar arzulayıblar. Onlar Aqiyə Naxçıvanlının Milli Məclisin əvvəlki çağırışlarındakı deputatlığı dövründə seçicilərin müraciətlərinə laqeyd qalmadığından və daim onların yanında olduğundan razılıqlarını bildirərək, mövcud olan bəzi problemlərlə də bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmasını xahiş ediblər.
Görüşün sonunda hər üç kəndin seçiciləri Yeni Azərbaycan Partiyasının seçki platformasını bəyəndiklərini və onun namizədini dəstəklədiklərini, fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını bildiriblər.
Yanvarın 30-da, günün ikinci yarısında, YAP-ın deputatlığa namizədi Aqiyə Naxçıvanlı rayonun udin icmasının nümayəndələri ilə də görüş keçirib. Görüşdə Aqiyə Naxçıvanlı icma üzvlərini salamlayaraq, onlarla keçirdiyi görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, bu gün Azərbaycan bütün dünyada multikultural, tolerant ölkə kimi tanınmaqla yanaşı, təkcə mədəniyyətlərarası deyil, həm də dinlərarası dialoqun mərkəzinə çevrilib.
“Udinlər bu illər ərzində Azərbaycan ərazisindəki türkdilli qəbilələrlə də qaynayıb-qarışaraq əsrlər boyu dinc şəraitdə yaşamaqla bərabər özlərinin mədəniyyətini, adət-ənənələrini, dini inanclarını, ən əsası isə dillərini qoruyub saxlayıblar. Bu gün də dövlətimiz Azərbaycanda yaşayan bütün azsaylı xalqlar üçün zəruri şərait yaradır”, deyə deputatlığa namizəd xatırladıb.
Görüş əsnasında söz alaraq çıxış edən icma üzvləri - Romella Qumbraşvili, Sveta Ağababayeva, Nikolay Toskoynov, Lida Kumsiyeva və başqaları ilk növbədə onlara yaradılan dinc, sabit, inkişaflı və yüksək şəraitə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını birdiriblər. Qeyd etdilər ki, Azərbaycan milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hərtərəfli inkişafını təmin edən demokratik ölkədir. Udin icmasından olan seçicilər uzun illər azərbaycanlılarla birgə yaşadıqları bu rayonda bir-birlərinin tədbirlərində iştirak edirlər, bu mükəmməl ənənəni illərdir qarşılıqlı şəkildə qoruyub saxlayır və yeni nəslə ötürürlər.
İcma üzvləri Aqiyə xanıma bu günkü görüşün onlar üçün çox dəyərli olduğunu vurğulayıblar, ona qarşıdan gələn seçkilərdə uğurlar arzulayıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB