Qarabağ Azadlıq Təşkilatı deputatlara məktub göndərib

Qarabağ Azadlıq Təşkilatı deputatlara məktub göndərib
Qarabağ Azadlıq Təşkilatı Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş bəzi şəxslərin məzarlarının hələ də Birinci Fəxri Xiyabanda saxlanılmasına etiraz olaraq Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və digərlərinə məktub göndərib.
SİA-ya daxil olan məlumata görə, məzarların şəkillərinin də əlavə olunduğu məktubda bildirilir: "Qarabağ Azadlıq Təşkilatının Gənclər Şurası Birinci Fəxri Xiyabanda reyd keçirmiş və dəhşətli faktları aşkar etmişdir. Məlum olmuşdur ki, 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş, erməni-rus qüvvələri ilə birlikdə azərbaycanlılara qarşı soyqırım cinayətlərində iştirak etmiş, əli günahsız insanların qanına batmış bəzi şəxslərin, o cümlədən, Həşim Əliyev, Qasım İsmayılov, Mirfəttah Musəvi, Əli Bayramov kimi adamların məzarları hələ də Fəxri Xiyabanda qalır. Onların baş daşlarında "Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş", "Müsavat qatillərinin əli ilə öldürülmüş", "Əks inqilabçıların əli ilə vəhşicəsinə öldürülmüş" və sair təhqiramiz ifadələr yazılmışdır. Bu məzarların hələ də Fəxri Xiyabanda saxlanılması Azərbaycan xalqına, soyqırım qurbanlarının xatirəsinə təhqirdir. Bu rüsvayçılığa heç nə ilə bəraət qazandırmaq olmaz.
Azərbaycan xalqının Soyqırım gününü bütün dünyada qeyd etdiyi bir vaxtda Sizə müraciət edir və bu məzarların götürülməsi üçün təcili tədbirlərin görülməsini tələb edirik. Əks halda, biz özümüz həmin məzarların yararsız hala salınması üçün tədbirlər görməyə məcbur olacağıq. Əlavə olaraq həmin məzarların fotoşəkillərini Sizə göndəririk.

Bütün xəbərlər Facebook səhifəmizdə