Siyasəti bazara döndərən müsavatçıları kim dəstəkləyəcək? ANALİTİKA

Yaxud, Arif Hacılı və digərləri “siyasi mühacir” bizneslərinə görə hesabat verəcəklərini unutmamalıdırlar!

Ölkə ciddi şəkildə parlament seçkilərinə hazırlaşır və bu seçkilərdə müxalifətin də müxtəlif cinah təmsilçilərinin iştirak edəcəkləri bəllidir. O cümlədən, müsavatçıların da seçkilərdə namizəd kimi qeydə alınmaları sirr deyil.

Lakin bu gün xalqın adından danışan Müsavat partiyasının başqanı Arif Hacılı və digərləri hələ də siyasəti bazara döndərmələrini kifayət qədər sübuta yetirən faktlarla bağlı susqunluqlarını davam etdirirlər. Daha dəqiq desək, onlar bu məsələnin necə deyərlər, yat-küt olacağına ümid bəsləyirlər. Ancaq belə düşünürlərsə, səhvə yol verirlər. Çünki bu məsələ hələ də gündəmdədir və onlar həmin ittiham altında qalmaqdadırlar. Bu baxımdan, xalqdan səs qoparacaqlarını xam xəyallarına qatmasalar daha yaxşı olardı.

Tərəflər bir-birini ittiham etməkdə, xüsusilə Arif Hacılının, İsa Qəmbərin hansı üzlə seçkilərə qatılacağı sorulmaqdadır

Beləliklə, Müsavat partiyasının saxta mühacir və sənəd alveri məsələsi getdikcə daha da dərinləşir və bu məsələ partiya daxilində əməlli-başlı iri çaxnaşmalar da yaradıb. Tərəflər bir-birini ittiham etməkdə, xüsusilə Arif Hacılının, İsa Qəmbərin hansı üzlə seçkilərə qatılacağı sorulmaqdadır. Ona görə də, səslənən ittihamlar bir daha onu deməyə əsas verir ki, son 20 ildən artıq müddətdə müxalifət partiyalarının, xüsusən də Müsavat və AXCP-nin rəhbərliyinin əsas fəaliyyət istiqaməti “mühacir” ixracı biznesi olub və onlar bunun sayəsində özlərinə əməlli-başlı şərait qurublar. Əks təqdirdə üzvlük haqqı və ianələrlə Müsavat və AXCP rəhbərliyi özlərinə belə dəbdəbəli həyat şəraiti qura bilməzdilər və bu da faktdır!

Bu arada, müsavatçı Elnur Mirzəyevin partiya rəhbərliyinə qarşı ünvanladığı bəyanatını bir daha xatırlatmaq olar. Sözügedən bəyanatında çoxsaylı və həqiqəti əks etdirən ittihamları önə sürən E.Mirzəyev mətbuata açıqlamasında bildirmişdi: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim, 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər”.

Göründüyü kimi, burada yalnız deputat olmaq həsrəti ilə yaşayan A.Hacılı deyil, eləcə də digər müsavatçılar, əsasən də partiyanın sabiq başqanı İsa Qəmbərin də barmağının olması sirr deyil. Çünki onun razılığı olmadan, kimsə belə bir siyasi dələduzluq əməllərinə girişməzdi. Lakin qayıdaq yenə məsələnin məğzinə...

İttihamlar davam edir: “Hamı bilir ki, 6-7 ildir Müsavat partiyası bu alverlə məşğuldur”

E.Mirzəyev həmçinin Gülağa Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən aldığını və bu sənədlərin hər birinə 300 manat ödədiyini bildirib. O əlavə edib ki, lazım olsa sübutları da təqdim edəcəyəm: “ Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.
E.Mirzəyev onu da əlavə edib ki, Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracaq: “Hamı bilir ki, 6-7 ildir Müsavat partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mən isə bu məsələni belə qoymayacam”.

Xatırladaq ki, bu hələ alman polisinin Müsavat partiyasının üzvlərini, daha dəqiq desək, Müsavat AKM təmsilçilərinin həbs etməmişdən öncə baş verən hadisədir. Hələ o zaman belə həyəcan təbilləri çalınırdı...

Daha bir müsavatçı: “Sübutları ara-sıra bəzilərinə göndərdim”

Avropada yaşayan gənc fəal Nahid Cəfərov da məsələ ilə bağlı şok faktları ortaya qoymuşdu. Belə ki, onun sözlərinə görə, düz 2 il bundan öncə Müsavatda sənəd alveri ilə bağlı Meydan TV-də yazısı gedib. “Həmin yazıdan sonra bütün Müsavat heyəti düşdü üstümə və məndən sübut tələb etdilər. Sübutları ara-sıra bəzilərinə göndərdim. Daha sonra Laçın Məmişov çıxdı və sənədli, şahidli faktlar qoydu ortaya. Şahid Rəşad adlı birisi efirə çıxdı və zərərçəkmiş kimi çıxış etdi. Mehdi Xəlilbəyli adlı birisinin onu necə aldatdığını və Musavatdan sənədi pulla necə aldığını efirdən səsləndirdi. Müsavat yenə də sübut tələb etdi”, deyə o xatırladıb.

Tofiq Yaqublu: “Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı...”

Maraqlı məqamlardan biri də budur ki, Müsavat başqanlığına namizəd olmuş və uduzdurulmuş, bu gün isə daha çox AXCP sədri Əli Kərimlinin həndəvərində dolaşan Tofiq Yaqublu da baş verən hadisələrlə bağlı Müsavat rəhbərliyini ciddi ittiham edib. O sosial şəbəkə hesabında partiya başqanı Arif Hacılının ünvanına sərt ittihamlar səsləndirib: "AKM və saxta arayışlar haqqında. 2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb etmişəm, ancaq buna imkan verilməyib. Hörmətli başqan Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin. AKM haqqında da bir neçə kəlmə deyim. AKM Müsavat partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb. Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyatlı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir".

Təmsil olduqları partiyalarının məram və proqramından öz biznes imperiyalarını yaratmaq üçün istifadə ediblər

Bu və digər şəxslərin səsləndirdiyi fikirlər isə söz yox ki, bu günün özündə də, yəni seçkilər ərəfəsində partiyada ciddi çalxalanma yaradıb. Artıq bu işdə biləvasitə əli olan və saxta sənədlərin hazırlanmasında müstəsna rolu olan Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onların ünvanına səslənən ittihamları hər vəchlə rədd etsə də, onun bu yalanlarına kimsə inanmır. Sübut olaraq, Gülağa Aslanlını Almaniyada yaşayan azərbaycanlı mühacir, keçmiş jurnalist Yafəz Həsənovu məhkəməyə vermə faktını çəkə bilərik. Hansı ki, Yafəz Həsənov “mühacir alveri”ndə adı keçən Müsavat Partiyası rəhbər şəxslərinin və funksionerlərinin siyahısını açıqlayıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Müsavat və digər müxalifət partiyalarının məqsədi təmsil olduqları partiyalarının məram və proqramından öz biznes imperiyalarını yaratmaq üçün istifadə ediblər. Keçirdikləri aksiyalar, hökumətə qarşı sərt fəaliyyətləri də ancaq bu bizneslərinin daha da inkişaf etdirilməsinə xidmət edib. İndi də utanmazcasına seçkilərdə nə isə əldə edəcəklərini sanırlar. Əlbəttə ki, yenə də xam xəyallarına qapılaraq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə