Ermənilərin çıxış yolları qalmayıb ANALİTİKA

Armenianreport: “Artıq Ermənistan vətəndaşlarında sovet quruluşunun totalitar qayıdışı hissləri yaranmaqdadır”

“Divarların da qulağı var” deyilən bir məsəl var. Ermənistanın relyefini də nəzərə alarsaq, artıq deyə biləri ki, bizim dağların da qulaqları var”. SİA xəbər verir ki, bu barədə armenianreport.am-ın analitiki Tevos Arşakyan özünün “Paşinyan Ermənistanı və ya 1937-ci ilə doğru yuvarlanma” məqaləsində ölkə parlamentinin polisin telefon danışıqlarını dinləməsinə yaşıl işıq yandıran qanun düzəlişini şərh edərkən bildirib. SİTAT: “Ümidvaram ki, Ermənistan polisinin ölkə vətəndaşlarının telefon danışıqlarına total şəkildə qulaq asmaq haqqında qəbul edilən qərar bizim oxucuların böyük əksəriyyətində bu assosiasiyanı əxz etdirir. Beləliklə, parlament ictimai etirazlara baxmayaraq, polisin operativ-axtarış fəaliyyəti çərçivəsində qanunvericilikdə düzəliş etdi və polis sərbəst şəkildə vətəndaşların telefon danışıqlarını dinləyəcək. Dəyişikliyin müəllifləri isə “Mənim addımım” hakim fraksiyasının deputatları Armen Xaçatryan və Sipan Paşinyandır. Yəni daha öncələr müvafiq hüquqa yalnız Milli Təhlükəsizlik Xidməti (MTX) malik idisə, artıq indi sözügedən düzəliş polisə şəxsi texniki infrastrukturu vasitəsi ilə dinləmələrə şərait yaradır”.

Tevos Arşakyan: “Hakimiyyət cəmiyyətdə etirazçılıq mühitinin artmasından qorxuya düşüb, eləcə də, dünənki iqtidarçıların bu gün müxalifətdə konsolidasiyasından da hürkür”

Erməni analitikinə görə, diqqətçəkici məqamlardan biri də bu idi ki, həmin layihə ilə bağlı hökumət mənfi qərar vermişdi və buna görə onda zəif ümid yaranmışdı ki, hökumət vətəndaşların təqibinə səbəb olan və total dinləmələrlə müşahidə ediləcək düzəlişi rədd edəcək. Lakin mənfi münasibət heç də vətəndaşların hüquqlarının tapdanmasına görə deyilmiş. Sən demə, düzəlişin implementasiyası polisin xüsusi texnika ilə təchiz edilməsi üçün böyük maliyyə xərcləri tələb edir. Ancaq buna da baxmayaraq, qanun 97 səslə lehinə, 20 səslə əleyhinə və 1 nəfərin bitərəf qalması ilə qəbul edildi...

Arşakyan daha sonra yazır ki, artıq onların hər biri yalnız MTX-nin deyil, artıq polisin də ciddi nəzarəti altında olacaqlar. “Ona görə ki, hakimiyyət cəmiyyətdə etirazçılıq mühitinin artmasından qorxuya düşüb, eləcə də, dünənki iqtidarçıların bu gün müxalifətdə konsolidasiyasından da hürkür. Fəaliyyətdə olan hakimiyyətin reytinqi sürətlə aşağı düşür, ona görə də onlar cəhd edirlər ki, hər şeyi, eləcə də bütün Ermənistanı nəzarətləri altına alsınlar. Biz, bunu Konstitusiya məhkəməsi ilə bağlı yaşanılanların prinsipində də gördük”, erməni şərhçisi yazır.

“Hökumət və Paşinyanın nəzarəti altında olan parlament total nəzarətin əhatə dairəsini genişləndiriblər... Paşinyan xilas ola bilməyəcək”

SİTAT: “Artıq hökumət və Paşinyanın nəzarəti altında olan parlament total nəzarətin əhatə dairəsini genişləndiriblər... Yeni düzəlişlər sui-istifadələrə yol açmaqla yanaşı, yeni hakimiyyət total izləmələri yalnız müxalifətçilərə qarşı deyil, həm də jurnalistlərə, insan hüquqları üzrə hərəkat fəallarına, hətta şablonsuz düşünən insanlara qarşı tətbiq edəcək. O cümlədən, sadə vətəndaşlar da telefon danışıqları izlənəcək ki, həmin danışıqlardan kompromatlar çıxarsınlar.”

Erməni siyasi analitki ona da ümidvardır ki, artıq Ermənistan vətəndaşlarında sovet quruluşunun totalitar qayıdışı hissləri yaranmaqdadır. O, vaxtilə hər şeyi görn və eşidən KQB-nin telefon danışıqlarını dinləməsi reallığını da xatırladaraq yazır ki, həmin vaxtlar insanlar mətbəxlərdə yığışırdılar ki, siyasi prosesləri müzakirə etsinlər: “Lakin kim düşünə bilərdi ki, həmin vaxtlar geriyə dönəcək, həm də özünü demokratik adlandıran, insan azadlığı və hüquqlarının müdafiəsi uğrunda inqilabi yolla hakimiyyətə gəldiklərini iddia edən insanlar bunu Ermənistanda tətbiq edəcəklər?! Lakin hakimiyyət bilməyə məhkumdur və qulağından sırğa edib asmalıdır ki, hətta cəmiyyəti total nəzarətə götürmək və vətəndaşların telefon danışıqlarını kütləvi şəkildə dinləmək amili hələ ki, heç bir total quruluşu xilas edə bilməyib, Paşinyanı da xilas edə bilməyəcək...”

Beləliklə, fakt budur ki, müəllif sözügedən siyasi şərhində Ermənistanı 1937-ci ilə bənzədir və bu kimi məsələlər artan xalq, vətəndaş üsyanını daha da yaxınlaşdırır. Çünki sadə ermənilərin Paşinyan hakimiyyətini devirmək üçün başqa çıxış yolları da qalmayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə