Milli Qəhrəmanlar Etibar İsmayılov və İlqar İsmayılovun doğum günüdür

29 mart Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edib, Ağdam özünümüdafiə batalyonunda vuruşub, Naxçıvanik, Şelli, Xocavənd istiqamətlərində qəhrəmanlıq nümunələri göstərib.

1994-cü il yanvarın 4-də Xocavənd rayonu Qarakənd kəndi istiqamətində kəşfiyyat qrupunun tərkibində düşmənlə qeyri-bərabər döyüşə girib, axıra qədər vuruşub, güllələri qurtardıqdan sonra son qumbrası ilə düşmən tankının altına atılıb, düşmənin tankını sıradan çıxarıb, canlı qüvvələrini məhv edib, özü də qəhrəmanlıqla həlak olub və əsgər yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb. Cəsədi döyüş meydanında qalıb. Hindarx orta məktəbi onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Bu gün həmçinin, Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılovun da doğum günüdür. İlqar Sədi oğlu İsmayılov 1959-cu il martın 29-da Bakı şəhərində anadan olub. O, Daxili İşlər Nazirliyinin kapitanı rütbəsində bir çox döyüşlərdə, o cümlədən, Şuşanın Malibəyli, Meşəli kəndlərində, Ağdam rayonu ərazisindəki döyüşlərdə iştirak edib.

Onun rəhbərliyi altında kəşfiyyat əməliyyatları həyata keçirilmiş, ermənilər tərəfində döyüşən bir neçə xarici vətəndaş əsir götürülüb. 1992-ci ilin payızında onun rəhbərlik etdiyi 128 nəfərlik dəstə düşmənə ağır zərbə vuraraq Laçın rayonu ərazisində Qızartı yüksəkliyini ələ keçirmiş, igid komandir oktyabrın 1-də qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə