Rəsul Quliyev “Milli Şura”nın yaxasını buraxmır İTTİHAM

Rəsul Quliyev “Milli Şura”nın yaxasını buraxmır İTTİHAM

Sabiq spiker bu qurumun sonuna çıxacağına and içib?

"Milli Şura", AXCP rəhbərliyi sabiq spiker Rəsul Quliyevin son zaman-zaman irəli sürdüyü ittihamllarına qarşı əks-arqument qoymağı bacarmır. Belə ki, ABŞ-da mühacir həyatı yaşayan R.Quliyev son günlər ənənəvi düşərgədə baş verən gizli və açıq savaşlara növbəti münasibətini bildirərkən, qarşı tərəfi çox sərt şəkildə suçlayıb. Maraqlısı isə budur ki, artıq neçənci dəfədir ki, onun sərt tondakı ittihamları, eləcə də kinayəli ifadələri qarşı tərəfin reaksiyasızlığı ilə nəticələnir. Daha dəqiq desək, R.Quliyevin ittihamlarına reaksiyasızlıqla reaksiya verən radikal “liderlər” günahkar keçi olduqlarını dolayısı ilə etiraf etmiş olublar.

Sabiq spiker: "AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlarla sübut etdilər"

Məsələn, sabiq spiker ilk öncə vaxtilə təmsil olunduğu "Milli Şura" rəhbərliyini hədəfə alaraq, oranı ayrıca qurum kimi deyil, məhz Əli Kərimlinin AXCP-nin yedək təşkilatı olduğunu iddia edib. İttihamlarının baza hissəsini "Azərbaycanda müxalifət yoxdur" kontekstində quran Quliyev bəyan edib ki, əslində "Milli Şura" real olaraq yoxdur. Onun sadəcə adı mövcuddur ki, oradakılar həmin quru ad vasitəsilə maraqlarını təmin etməyə cəhdlər göstərirlər. Sitat: ""Milli Şura" felən mövcud olmayan qurumdur. Keçmiş "Ziyalılar Fondu"nun bir qrup şəxsi özlərini "Milli Şura" adlandırırlar. Onlar özlərini "Ziyalılar Fondu" da adlandıra bilməzlər. Çünki o fondun iştirakçılarının 40%-i belə deyillər. "Milli Şura"nı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmurlar. Yalnız AXCP-dən başqa".

“Bu gün onların hansısa gücə malik olmasını söyləmək çətindir”

Buradan ilk görünən odur ki, həqiqətən də "Milli Şura" adlı qurum, ümumiyyətlə yoxdur. Hətta mətbuat bu olmayan qurum barədə bir neçə gün yazmasa, ümumiyyətlə quru adı da əriyib yox olacaq. Sadəcə, "Milli Şura"nı əlində saxlamağa cəhd edən yeganə fərd varsa, o da AXCP sədri Əli Kərimlidir. Halbuki, 2013-cü ilin prezident seçkilərindən sonra təşkilat tamamilə məhvolma dövrünü yaşamalı oldu: "Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlarla sübut etdilər. Metronun yaxınlığındakı stadionda iki minlik mitinqlə başladılar və 300 iştirakçı ilə aksiyalarını başa vurdular. Mitinqləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünki insanlar sona qədər qalmırdılar".

Söz yox ki, heç bir siyasi uğur qazanmaq iqtidarında olmayan bir qurumun xalq arasında da nüfuzu olmayacaq. Rəsul Quliyev bu amili əsas gətirərək Əli Kərimliyə və Cəmil Həsənliyə özlərini və xalqı boş-boş şüarlarla aldatmamağı tövsiyə edib. O, 2013-cü il seçkilərində guya hakimiyyətin seçkilərin nəticələrini saxtalaşdırması barədə irəli sürdükləri ittihamlalrının, əslində özlərinin ifşası ilə nəticələndiyini deyib: "Milli Şura" adlanan, əslində isə, "Milli Şura" olmayan AXCP-dən ibarət bu qurum 2013-14-cü illərdə Azərbaycanda müxalifətin olmamasını, sadəcə həyata keçirdilər. Bu gün onların hansısa gücə malik olmasını söyləmək çətindir. Real gücü mən görmürəm. 2013-cü ilin prezident seçkilərindən sonra C.Həsənlinin özünün 65%-lə qələbə çalmasını deməsi xarici aləmdə ikraha səbəb oldu. Hansı 65%-dən söhbət gedir? Deyirsiniz ki, seçkilər saxtalaşdırılıb, düzgün saymağa imkan olmayıb, o zaman hansı 65%-dən söhbət gedir?!"

Göründüyü kimi, R.Quliyev 7 il əvvəl baş verənləri yenidən Ə.Kərimli-C.Həsənli cütlüyünün üzünə vurub.

"İsa Qəmbərin, Əli Kərimlinin, Cəmil Həsənlinin liderliklərinə şübhəm var"

Daha bir maraqlı nüanslardan biri də R.Quliyevin "Milli Şura", AXCP ilə yanaşı, ənənəvi düşərgədəki digər müxalifət partiyalarının da bostanlarına daş atması marağıdır. Məsələn, zamanında "Milli Şura"da olan , hazırda isə başqa cinaha keçərək "Antiböhran koalisiyası" şəklində fəaliyyət göstərən siyasi təşkilatların boş işlərlə məşğul olduğunu iddia edən sabiq spiker qarşı tərəfin səylərinin heç bir nəticə verə bilməyəcəyini vurğulayıb. Üstəlik, özlərini ldier elan edənlərin də liderliklərinə böyük şübhə ilə yanaşdığını bildirib. Sitat: "Vaxtı ilə "Milli Şura"ya daxil olan 10-larla qurum böhranla bağlı sonradan "Antiböhran" koalisiyası yartdı. "Milli Şura" və parçalanmış AXCP hansı haqla bu qurumlardan güclü olduqlarını deyirlər? Bunu hansı əsasla deyirsiniz? İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənlinin təşkilatçılıq və bacarıqlarına bələd deyiləm. 1993-cü ildən bu yana olan fəaliyyətlərinə baxaraq, onların liderlik rolunu oynayacaqlarına şübhəm var. Real vəziyyətdə bu şəxslər özlərini lider kimi göstərməyiblər. Hətta onlarla birlikdə olduğumuz 2005-13-cü illərdə onların atdıqları addımlar uğurlarımızı tar-mar etdi..."

Buradan da görünür ki, Quliyev vaxtilə onlarla birgə olduğuna, eləcə də onlara inandığına görə hazırda peşmançılıq çəkir. Çünki ona verilən vədlərin heç biri yerinə yetirilməmiş qalmaqla yanaşı, ölkəyə qayıdışı üçün xərclədiyi on minlərlə dollar pulları da məhz radikal müxalifət ldierləri tərəfindən yeyildi.

ADP sədri Sərdar Cəlaloğlu keçmiş liderinin ittihamlarına bu cür dəstək verib: "Əli Kərimlinin dəstəsində olan bəzi şəxslər yanlış hərəkət edərək, Gürcüstanda ermənilərdən pul aldılar"

Növbəti vacib məqamlardan biri də vaxitlə Rəsul Quliyevi özünə ldier seçmiş ADP sədri Sərdar Cəlaloğlunun onun ittihamlarına ikibaşlı reaksiyasıdır. Hazırda siyasətdən daha çox "elmi işlərlə" məşğul olduğunu iddia edən Cəlaloğlu bu dəfə Quliyevin sözlərinə susqun qalmağı bacarmayıb. Sabiq spikerin ölkədə müxalifətin olmaması iddiasına gəlincə, ADP sədri ək-iddia ilə çıxış edib ki, guya ən güclü müxalifətçilyi onun partiyası edir. Ancaq o, müəyyən məqamlarda keçmiş lideri ilə razılaşdığını da istisna etməyib: "...Rəsul Quliyev Azərbaycanda olmadığına görə onun fikirləri düzgün olmaya bilər. Amma 2005-ci illə bağlı fikirləri ilə qismən razıyam. O vaxt yanlış addımlar atıldı. Nəticədə, nailiyyətlər əldə edə bilmədik. Həmin vaxt müxalifət üçün parlamentdə 35-40 yer təklif olunmuşdu. Amma bizim yoldaşlar 75 yer istədilər. Ona görə də uğur əldə edə bilmədik. Sonra Əli Kərimlinin dəstəsində olan bəzi şəxslər yanlış hərəkət edərək, Gürcüstanda ermənilərdən pul aldılar. Bundan hökumət hərəkata qarşı vasitə kimi istifadə etdi. Beynəlxalq aləm də dəstək verməkdən imtina etdi. Rəsul Quliyevin fikirlərinin hamısını yanlış kimi qələmə vermək olmaz. Eyni zamanda, fikirlərin hamısını da doğru kimi qəbul etmək düzgün olmazdı. Bu baxımdan, tənqidləri ilə həm qismən razıyam, həm də razı deyiləm".

Müsavat rəhbərliyi yaxasını kənara çəkərək, çeynənmiş cavabla kifayətlənib - Gülağa Aslanlı: "Rəsul Quliyev bitmiş siyasətçidir..."

Müsavat partiyasının funksioneri Gülağa Aslanlıdan da Rəsul Quliyevin ittihamlarına cavab gecikməyib və o, sabiq spikerin sözlərinə ciddi əhəmiyyət verməyini ifadə etməklə yanaşı, onu bitkin siyasətçi adlandırıb. Hətta Müsavat rəhbərliyinin bundan sonra Rəsul Quliyevin fikirlərinə şərh verilməyəcəyini deyib: "Rəsul Quliyev bitmiş siyasətçidir. Bunun üçün də onun nə deməsinə hər hansı bir şərh vermək istəmirəm. O, bitmiş şəxsdir, bitmiş siyasətçidir. Onun fikirlərinin Müsavat partiyası üçün heç bir əhəmiyyəti yoxdur".

"Milli Şura"a və AXCP cinaından isə, ümumiyyətlə mövqe bildirməyyib ki, bu da hər iki tərəfin Quliyevin irəli sürdüyü ittihamlarında haqlı olmasının etirafı kimi qəbul oluna bilər. Çünki ən azından etiraz, yaxud da əks-arqument ola bilərdi. Yoxdursa, demək, sabiq-spiker müxalifətlə bağlı fkirlərində haqlı olduğunu tamamilə sübuta yetirməyi bacarıb. Hər şey göz önündədir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə