"Artıq Azərbaycanda 100 minlərlə könüllülər ordusu yaranıb" - AÇIQLAMA
"Bu ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi ilk növbədə Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin gənclərə verdiyi önəmi bir daha diqqətə çatdırır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, könüllülərin böyük bir hissəsi gənclərdən ibarətdir və dövlətimiz tərəfindən həmin gənclərin özünü inkişafı üçün müxtəlif şəraitlər yaradılır. "Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik hisslərinin aşılanmasında gənclərin rolu böyükdür. Çünki könüllülük heç bir maddi qarşılıq gözləmədən dövləti, milləti, xalqı, prezidenti üçün çalışan gənclər ordusudur. Həmin gənclər Azərbaycan Prezidentinin ve Birinci vitse-prezidentin görmüş olduğu işlərə də öz əməkləri ilə hər zaman dəstəklərini vermək istəyirlər".
Təşkilat sədri qeyd edib ki, biz könüllülük fəaliyyətinin başlanğıcını ilk dəfə Avroviziya mahnı müsabiqəsində görməyə başladıq. "İlk başlayanda könüllü gənc sayı 2-3 min idisə, artıq Azərbaycanda 100 minlərlə könüllülər ordusu yaranıb. Könüllü gənclərə YAP Gənclər Birliyinin könüllülərini, Asan könüllülərini, Ekologiya könüllülərini və digər bir çox qurumların könüllülərini misal gətirə bilərik. Demək olar ki, hazırda Azərbaycanda könüllü ordusu yaranıb. Düşünün ki, əvvəllər Azərbaycanda keçirilən hər hansı beynəlxalq tədbirlərin hərtərəfli həyata keçirilməsi üçün tərcüməçilər, bələdçilər dəvət edilirdisə, artıq son 8-9 il ərzində bütün bu öhdəlikləri könüllülər öz üzərlərinə götürüblər".
S.Orucov sonda vurğulayıb ki, beynəlxalq tədbirlərə gələn qonaqlara istər tərcüməçi, istər bələdçi kimi Azərbaycanın gəzməli-görməli yerlərinin qonaqlara göstərilməsi, Azərbaycanın təbliğatının aparılması kimi işlərdə könüllülər öz köməkliklərini göstərirlər. "Bu kontekstdə həm dostlar qazanırlar, həm öz dünyagörüşlərini daha da artırırlar. Bildiyimiz kimi ötən il "Nəsimi ili" elan olunmuşdu və biz bir il ərzində Nəsiminin dünyaya tanıdılması ilə əlaqədar bir çox işlər gördük. Bu il də Könüllülük institutunun formalaşmasında gənclərin daha da önə çəkilməsi çox mühim məsələdir və YAP Gənclər Birliyi könüllüklə əlaqədar gənclərin hansı yeni təkliflərinin olması ilə bağlı öz Facebook səhifəsində elan verəcək. Verilən təklifləri proqram halına salınacaq və partiya rəhbərliyi ilə qərarlaşdırılıb onun icrasına başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB