“Azərbaycan diplomatik həmlələrlə öz hədəflərinə doğru getməkdədir” RƏY-ÖZƏL

“Azərbaycan diplomatik həmlələrlə öz hədəflərinə doğru getməkdədir” RƏY-ÖZƏL

"2019-cu ildə təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hər hansı bir nəticə əldə olunmadı". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, eyni zamanda 2019-cu ildən 2020-ci il üçün münaqişənin tənzimlənməsi istiqamətində hansısa bir müsbət addımların atılması üçün əsas verəcək addımlarda atılmadı: "Bu günkü reallığımız qeyd etməyə əsas verir ki, 2020-ci ildə də münaqişənin tənzimlənməsi istiqamətində irəliliyə doğru hər hansı bir addımın atılması üçün elementlər formalaşmayıb. 2019-cu ildə münaqişənin tənzimlənməsi məsələsində qeyri-müəyyənlik daha da güclənib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələr, beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır və bununla bağlı öz mövqeyini açıq şəkildə ortaya qoyub. Amma Ermənistan tərəfi münaqişənin dinc vasitələrlə tənzimlənməsi ehtimallarını sıfıra bərabərləşdirən mövqelər nümayiş etdirir. Bir sözlə, Ermənistan tərəfi bütün cəhdlərlə status-kvo vəziyyətini saxlamağa çalışır və bu da münaqişənin dinc vasitələrlə tənzimlənməsinə daban-dabana ziddir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu münaqişə vəziyyəti ilə bağlı 2019-cu ildə də obyektiv mövqe sərgiləmədi. Yəni münaqişə ilə bağlı obyektiv mövqe ondan ibarət ola bilərdi ki, ATƏT-in Minsk Qrupu Ermənistanı açıq şəkildə işğalçı dövlət adlandırsın. Təəssüf ki, biz 2019-cu ildə bunu görmədik. Bu baxımdan da, 2020-ci ilə ümidlə baxmağımız üçün əsaslara malik deyilik. Yəni münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgilənmədiyi halda xüsusilə də bunu vasitəçilik missiyasını həyata keçirən instansiya etmədiyi halda gələcəkdə münaqişənin dinc yolla tənzimlənməsi ilə bağlı ümidlər böyük olmayacaqdır. Bu baxımdan, bu günkü reallıqdan çıxış edərək bir daha qeyd etmək istəyirəm ki, münaqişə vəziyyəti ilə bağlı hazırkı reallıqlar 2020-ci ildə də münaqişənin dinc yolla tənzimlənməsi potensialının çoxda böyük olmadığını göstərir. Azərbaycan bütün mənalarda özünün potensialını artırıbdır, Azərbaycanın həm siyasi, həm iqtisadi, həm hərbi potensialı kifayət qədər böyükdür və Azərbaycan diplomatik həmlələrlə öz hədəflərinə doğru getməkdədir. Amma kifayət qədər mürəkkəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün və mütləq münaqişənin tənzimlənməsi prosesində iştirak edən tərəflərində iradəsi vacibdir. Bu iradə də ondan ibarət olacaq ki, Ermənistana qarşı təzyiqlər həyata keçirilsin, işğalçı dövlət kimi səsləndirilsin və yalnız bundan sonra münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində müəyyən addımlar atmaq mümkün olacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə