"Azərbaycan dünyada lider ölkələr sırasındadır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan dünyada lider ölkələr sırasındadır" ÖZƏL-MÜNASİBƏT

"Amerikanın nüfuzlu "U. S. News & World Report" jurnalı Azərbaycanı dünyanın qabaqcıl 80 ölkəsi arasında 45-ci yerə layiq görüb. Burada göstərilən parametrlər ölkəmizin yüksək inkişaf yaşadığından xəbər verir. Hərbi sahədə möhkəmlik, dövlət siyasətinin mükəmməlliyi, iqtisadi inkişaf, sosial siyasət və digər parametrlərlə bağlı bu inkişafı söyləmək olar. Bütün bu parametrlərin hamısı Azərbaycanın həyat tərzinə çevrilib. Bu gün Azərbaycan dünyada ən güclü orduya malik əlli ölkədən biridir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bugünkü inkişaf tempinə görə dünyada lider ölkələr arasındadır: "Ölkədə aparılan islahatların səviyyəsinə görə ən islahatçı 20 ölkənin içərisində yer alır. Bütün bu göstəricilər onu deməyimizə imkan verir ki, öz yüksək inkişaf dövrünü yaşayır. Beynəlxalq reytinq təşkilatlarının açıqladığı göstəricilər də bu günün Azərbaycanının reallığıdır. 2019-cu ilin iqtisadi-sosial mənzərəsinə ekskursiya etsək, ilin əvvəli islahatlarla başlayıb. Həm sosial islahatlar paketləri imzalandı, həm də iki sosial paket həyata keçirildi. Əhalinin sosial vəziyyəti kifayət qədər yaxşılaşdı".

Millət vəkili 2019-cu ilin naliyyətlər mənzərəsindən danışarkən bildirib ki, yola salmağa hazırlaşdığımız 2019-cu ildə struktur islahatları aparıldı. Yəni, hökumətin yenidən formalaşdırılması prosesi həyata keçirildi: "Yeni strukturların ortaya qoyulması, köhnə strukturların ləğv edilməsi və daha çevik idarəetmə sistemlərinə keçidlə bağlı böyük işlər görüldü. Eyni zamanda, qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atılıb. Məhkəmə-hüquq sistemində yeni yanaşma, idarəetmə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Daha ədalətli məhkəmə sisteminin formalaşdırılmasına başlanıldı. Bütün bunlar ümumi şəkildə Azərbaycanın inkişafı deməkdir. Bu inkişaf günün reallıqlarına və tələblərinə uyğun inkişaf mərhələsidir. Bir daha qeyd etmək istəyirəm ki, qürurverici hadisədir ki, Amerikanın nüfuzlu jurnalı tərəfindən Azərbaycanın dünyanın ən güclü 45 ölkəsi kimi qeyd olunur. Avropanın bir sıra qabaqcıl ölkələrini də Azərbaycanın qabaqlaması onu deməyə imkan verir ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan ölkədaxili və ölkəxarici siyasət öz uğurlu nəticələrini göstərir".

Qeyd edək ki, Amerikanın "U. S. News & World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə