“İqlim Dəyişmələri və İnkişaf” QHT Alyansı fəaliyyətə başlayıb

“İqlim Dəyişmələri və İnkişaf” QHT Alyansı fəaliyyətə başlayıb

Azərbaycan QHT-lərinin yeni alyansı yaradılıb. Belə ki, martın 13-də 16 QHT təmsilçisi "İqlim Dəyişmələri və İnkişaf" adlı QHT Alyansının təsis yığıncağını keçiriblər. SİA-nın xəbərinə görə, yığıncaqda Alyansın fəaliyyətini tənzimləyən və idarəetmə strukturunu müəyyən edən Əsasnamə qəbul olunub, onun İdarə Heyəti və Monitorinq Qrupu formalaşdırılıb, bu məqsədlə seçkilər keçirilib.

Gizli səsvermə nəticəsində Alyansın İdarə Heyətinə Qubad İbadoğlu (İqtisadi Tədqiqatlar Mərkəzi), Fikrət Cəfərov (Davamlı İnkişaf Cəmiyyəti), İrshad Abbasov (Eko-Renesans), İradə Yaqubova ("ELS" Müstəqil Araşdırmalar Mərkəzi), Nəzakət İsayeva (Ekostil-Azərbaycan) növbəti 1 il müddətinə üzv seçiliblər.

Ümumi yığıncaqda Alyansın 2011-ci il üçün fəaliyyət planı, institutsional inkişafı ətrafında fikri mübadiləsi aparılıb və qərara alınıb ki, konkret layihə təklifləri ilə donorlara müraciət olunsun.

Umumi yığıncağın formalaşdırdığı ilk İdarə Heyətinin iclasında aparılan müzakirələr nəticəsində Aytəkin Əsgərova Alyansın koordinatoru təyin edilib.

Hazırda Alyansda ixtisaslaşmış 16 təşkilat təmsil olunur. Alyansın Əsasnaməsinə görə, İdarə Heyətinin rübdə ən azi 1 dəfə keçirilən iclasında yeni üzvlərin qəbulu məsələsinə baxıla bilər. Alyansın məqsədlərinə Minilliyin İnkişaf Məqsədləri üzrə ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan hökuməti qarşısında duran vəzifələrin və hədəflərin reallaşdırılmasına yardım, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə bağlı məlumatların toplanması, işlənməsi, təşkilatlar və partnyorlar arasında yayılmasının təşkili, qlobal iqlim dəyişikliyi sahəsində həyata keçirilən proqram və layihələrdə ictimai iştirakçılığın təmini, iqlim dəyişikliyinin dövlətin ekoloji, iqtisadi və aqrar siyasətinə, biznesə və ev təsərrüfatlarına təsirləri barədə tədqiqatlar aparmaq, adaptasiya proqramları və tövsiyələr işləmək və siyasət qərarlarının qəbuluna təsir etmək və sair daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə