AXCP-“Milli Şura” cütlüyünü və “REAL”ı bir-birinə kim vurdu? QARŞIDURMA

Ortada Gültəkin Hacıbəylinin mərdiməzar barmağı var

Erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərar müxalifəti, xüsusilə ənənəvi və radikal kəsimi əməlli-başlı çalxalayıb. Belə ki, partiya və qurumların bir hissəsi, daha dəqiq desək, AXCP-“Milli Şura” cütlüyü boykot qərarı üzərində dayansa da, digər tərəf seçkilərə gedəcəyini bəyan edir, bu isə vəziyyəti daha da gərginləşdirir. Artıq məlum olduğu kimi, Müsavat partiyası seçkilərdə iştirak qərarnı verib və bu qərardan sonra AXCP sədri Əli Kərimli “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Gültəkih Hacıbəylini qarşı tərəfə hücuma göndərib. Nəticədə cinahlar arasındakı dava sözün əsl mənasında şişərək-partlayıb. SİA xəbər verir ki, seçkiləri boykot edəcəyini bəyan edən “Milli Şura”ya görə, Müsavat seçkilərə siyasi tapşırıq əsasında gedir və müsavatçıların bu addımı erkən seçkilərə legitimlik qazandıracaq. Yəni Ə.Kərimlinin egidası altındakı bu qurum növbəti dəfə öz düşərgədaşlarını “hakimiyyətə işləmək” suçunu edir.

Gülətkin Hacıbəyli xal toplamaq üçün yenə də xalqın adından danışır

Lakin o da sirr deyil ki, bu ənənə, daha dəqiq desək, radikalların bir—birlərini hakimiyyətə işləmək, düşərgəyə xəyanət etmək iddiaları yeni məsələ deyil. Bu baxımdan, müsavatçılar da dərhal eyni suçlamanı xüsusilə AXCP rəhbərliyiə qaytarıblar. Partiya rəhbərliyi və tərəfdarları iddia edirlər ki, onları ittiham edən boykotçular indiyə qədər iqtidar daxilində müəyyən bir qrupun tapşırıqları əsasında fəaliyyət göstəriblər və həmin qrup hazırda “vurulmuş” hesab olunur və s.

Əslində, isə cinahları bir-birinə vuran G.Hacıbəylinin bu məsələdə müsavatçıları ittiham edən statusları da ilgincdir. Yəni o bu variantdean istifadə edərək, seçkilərə qatılmayacağını deyərək, radikalllar qarşısında xal toplamağa çalışır. Misal üçün deyir ki, hətta “Milli Şura” seçkilərdə iştirak qərarı versəydi belə, mən ona qatılmayacaqı. Digər tərəfdən, xalqın onu və Ə.Kərimli-Cəmil Həsənli cütlüyünü dəstəkləmədiyini, bundan sonra da heç vaxt dəstək cerməyəcəyini yaxşı bilən Hacıbəyli özünü bir addım önə çəkib, xalqın adından danışmağı da unutmayıb. “...Odur ki, hərə düz bildiyi yolla getsin, kimin haqlı olduğuna biz yox, əlahəzrət xalq və zaman qərar verəcək, cəmi iki ay sonra. Çalışaq, salamat qalaq”, deyə öz təbirincə guya təsirli status yazdığını özünü inandırmağa çalışaraq yazıb.

Hədəfdə İsa Qəmbər də var...

Yeri gəlmişkən, Müsavatçıların bostanlarına daş atan G.Hacıbəyli “MSDM” sədri İsa Qəmbəri də necə deyərlər, “qıdıqlamağı” unutmayıb. Məsələ ondadır ki, İ.Qəmbər Müsavatın başqanı olarkən, G.Hacıbəyliyə başqan müavinliyi postunu təklif edib və Hacıbəyli bundan imtina edib. Bu günlərdə isə o, İ.Qəmbərlə danışığının təfərrüatlarını sosial şəbəkədə yazsa da, qarşı tərəf bundan qəzəblənib.

“Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat partiyasının beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. Birincisi, mən bu təklifə görə İsa bəyə bir daha təşəkkür edirəm, onu yüksək dəyərləndirirəm... İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm...”

G.Hacıbəyli onu da iddia edib ki, seçkidə Müsavat və “REAL” partiyalarının hərəsi bir neçə mandat alacaqlar. Lakin Müsavat qurultaydan və mühacir biznesinin ifşa olunmasından sonra faktiki nüfuzsuz təşkilata çevrilib, “REAL” isə sədr İlqar Məmmədovdan ibarət partiyadır. Bu durumda “Milli Şura” funksioneri onların seçkidə uğur qazana biləcəyini mümkünsüz gördüyünü bildirib.

“REAL”ın bostanına atılan daş geri qayıdıb

Nəticədə “REAL”ın da cavabı gecikməyib. Partiyanın icra katibi Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, G.Hacıbəylinin bu mövzuda danışmağa haqqı yoxdur: “Adam iki dəfə mandat alıb. Elə düşünür ki, Azərbaycanda hamı onun kimi mandat alıb, heç bir iş görməyə bilər. Yəni öz təcrübəsinə əsaslanaraq bunu deyir. Onu da qınamıram. Çünki həyatda başqa heç nə görməyib. Onun kimi nüfuzu, ciddi siyasi keçmişi olmayan bir insan parlamentə düşübsə, düşünür ki, hamı belə bir addım ata bilər. “REAL” partiyası səs toplayıb, parlamentdə yer qazanmaq istəyir. Biz mandat almaq yox, qazanmaq istəyirik. Gültəkin xanım bu kateqoriyalarla düşünə bilmir. Çünki həyat təcrübəsi ona mandat qazanmaq haqqında düşünməyə imkan vermir”.

Natiq Cəfərli: “Əslində “Milli Şura” yoxdur, AXCP var”

İlqar Məmmədova gəlincə isə, N.Cəfərli deyib ki, bu məsələdə Gültəkin Hacıbəyli həyatının son təcrübələrinə əsasən çıxış edir: “Bu gün təmsil olunduğu siyasi qurum bir nəfərdən ibarətdir. G.Hacıbəyli də o bir nəfərin, yəni Əli Kərimlinin ağzına baxır. Ona görə son dövrlərin şəxsi təcrübəsindən çıxış edir... “REAL” partiyasının sədri hətta həbsdə olan vaxtı təkliflər göndərib və onlar idarə heyətindən keçməyib. Gültəkin xanım barmağını qatlayıb, bircə fakt sadalaya bilməz ki, onun təmsil olunduğu “Milli Şura”da belə hal olub. Əslində “Milli Şura” yoxdur, AXCP var. Bu partiyanın liderinin hər hansı bir təklifinin keçmədiyi halı Gültəkin xanım söyləyə bilməz. Xatırlayıram ki, İlqar Məmmədovun 11 təklifi idarə heyətindən keçməyib. Bu gün də partiyada kollektiv qərar verilir. Bir sözlə, Gültəkin Hacıbəylinin açıqladığı fikirləri öz həyat təcrübəsinin güzgüdə əksi kimi təsəvvür etmək mümkündür”.

Müsavat funkdionerləri də G.Hacıbəylinin məlum məsələ ətrafındakı var-gəllərini ələ salaraq gülüblər. Məsələn, Müsavat başqanının müavini Səxavət Soltanlı belə bir statusu paylaşıb: “Deyirlər, Gültəkin Hacıbəyli Müsavata, “REAL”a və bəzi vətəndaş cəmiyyəti nümayəndələrinə mandat paylayırmış”.

Beləliklə, daha bir ehtimal budur ki, erkən seçkilərin keçirilməsi ənənəvi və radikal cinahda olan müxalifətin də siyasi arenadan erkən getməsinə səbəb olacaq. Görünən də məhz budur!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...