Nazirlik rəsmisi: “Ali məktəblər üçün dərslikləri dövlət vəsaiti hesabına hazırlamaq qeyri-mümkündür”

Nazirlik rəsmisi: “Ali məktəblər üçün dərslikləri dövlət vəsaiti hesabına hazırlamaq qeyri-mümkündür”
Ali və orta ixtisas məktəbləri üçün dərslik və əlavə vəsaitlərin hazırlanması çox məsuliyyətli və çətin işdir. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. O bildirib ki, ali təhsil müəssisələrinə dərsliklərin hazırlanması üçün dövlət tərəfindən vəsait ayrılmır. Onun sözlərinə görə, ali və orta ixtisas məktəbləri bu vəsaitləri özlərinin daxili imkanları hesabına ən vaciblərini nəşr edirlər. Ali təhsil müəssisələrinin Boloniya prosesinə qoşulduğunu deyən F.Şahbazlı vurğulayıb ki, bununla əlaqədar olaraq artıq köhnə dərsliklərdən istifadə çətinləşib.

"Boloniya prosesinə keçidlə əlaqədar ali məktəblər yeni proqramlar və bu proqramlara əsasən də əlavə dərslik və vəsaitlər hazırlayırlar. Bir sıra müəlliflər öz vəsaitləri hesabına dərsliklər çap edirlər. Ali məktəblərin rəhbərliyi vacib bildiyi dərslik və dərs vəsaitlərini öz daxili imkanları hesabına hazırlayırlar. Məsələn, orta ümumtəhsil məktəblərində konkret olaraq bilirik ki, siniflər üçün 10-15 dərslik lazımdır. Amma ali məktəblərdə nə qədər ixtisaslar var və onların hər birinə uyğun dərsliklər hazırlanmalıdır. Dövlət vəsaiti ilə bunu hazırda həll etmək qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə