Azərbaycan çox maraqlı, zəruri və dərin bir keçid mərhələsindədir

Azərbaycan çox maraqlı, zəruri və dərin bir keçid mərhələsindədir

"Azərbaycan çox maraqlı, zəruri və dərin bir keçid mərhələsindədir". Bunu SİA-ya açıqlamasında politoloq Aydın Quliyev deyib.

Politoloq bildirib ki, ölkəmiz böyük keçid dövrünü bir neçə il əvvəl başa vurub: “Yəni müstəqil Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi ölkədə qəti sabitliyin bərqərar olunması və gələcək iqtisadi-sosial inkişafın fundametinin yaradılması nöqteyi nəzərdən biz böyük keçid dövrünü arxada qoyduq. Amma bu gün Azərbaycan böyük keçiddən sonrakı yeni bir keçid mərhələsindədir və maraqlı bir transformasiya dövrünü yaşayır. Bu da ölkənin bütün sahələrində postneft dövrünün iqtisadi modelinin daha da möhkəmləndirilməsi üçün islahatların aparılması və onun dərinləşdirilməsi dövrüdür”.

A.Quliyev vurğulayıb ki, iqtisadi-sosial sahədə gedən islahatlara uyğun olaraq eyni zamanda struktur və kadrlar sahələrində də islahatlar aparılır: “Həmçinin məhkəmə-hüquq sahəsində, ölkənin qanunvericilik hakimiyyətinin yenilənməsi yönündə başlanmış olan böyük bir prosesin içindəyik. Yəqinki çox yaxın dövrlərdə yeni parlamentin formalaşması prosesinə gediləcək. Bütün bunlar Azərbaycanın, xüsusən də son 15 ildəki böyük inkişafının məntiqi nəticəsidir. Eyni zamanda bu islahatlar ölkəmizdəki inkişafın məqsəd və vəzifələrinin dövr etdiyi çağırışlardır”.

Onun sözlərinə görə, yəni həm indiyə qədərki inkişafa yekun vurulub, həm də bu islahatlarla yeni mərhələnin inkişafının əsas istiqamətləri müəyyənləşdirilib. “Bu islahatlar Azərbaycan dövlətinin, cəmiyyətinin mənafelərinə uyğundur. Ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir. Ən son nəticədə bütün bu islahatlar Azərbaycanı dünya miqyasında mövqeyinin daha da gücləndirilməsi və daha da uğurlu həlli üçün şərait yaradılmasına xidmət edir. Əbəs yerə deyil ki, bu gün hər kəs Qarabağ probleminin həll olunması üçün ilk növbədə ölkənin iqtisadi, hərbi, sənaye potensialının daha da möhkəmləndirilməsini əsas şərt kimi götürür”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə