Xalq uğurlu struktur islahatlarını dəstəkləyir! ANALİTİK

Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zərurətə çevirib

Məlumdur ki, ölkəmizin idarəetmə sistemində həyata keçirilən struktur islahatlarının aparılmasında əsas məqsəd Azərbaycanın dayanıqlı iqtisadi və sosial inkişafını təmin etməkdir və kifayət qədər bəllidir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində bilavasitə Azərbaycan vətəndaşlarının maraqları dayanır. Söz yox ki, Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir.

Artıq o da bəllidir ki, Azərbaycan Respublikasının Milli Məclisi Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini müzakirə edib və burada göstərilən mühüm məqamlardan biri də, Prezident İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatlardır ki, YAP həmin islahatların parlamentdə də reallaşdırılması təşəbbüsü ilə çıxış edib. Daha dəqiq desək, hazırda Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən də rəğbətlə qarşılanması xalqın dövlətinin yanında olması faktını sübuta yetirir. Belə ki, xalq bu islahatları, eləcə də irəli sürülən təşəbbüsləri daha da yeniləşməyə, tərəqqi etməyə doğru atılan addım olaraq qiymətləndirir. Məhz bu baxımdan, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zərurətə çevirib.

Prezidentə müraciətdən: “Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi, dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədi ilə dövlətçilik nümunəsi göstərməlidir”

Artıq YAP-ın rəhbər strukturları tərəfindən də qeyd olunur ki, parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi zərurətinin yaranması islahatların tərkib hissəsi olaraq yer alacaq, həmçinin, Milli Məclisdə yeni simalar, yeni potensiallı insanlar yer alacaqlar. Əbəs deyil ki, aparılan müzakirələrdən sonra Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edib və həmin müraciətdə qeyd olunur ki, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və struktur islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. “Bu islahatların daha da sürətləndirilməsi, bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur. Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi, dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədi ilə dövlətçilik nümunəsi göstərməlidir”, deyə qeyd olunub.

Prezident İlham Əliyev: “Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi”

Yeri gəlmişkən, ölkəmizin başçısının CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən gerçəkləşdirilən islahatlarla bağlı irəli sürdüyü fikirlərində də bir sıra önəmli məqamlar vardır. Cənab İlham Əliyevin “Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi”, fikri həm də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, islahatların dinamik xarakter alması prosesi davamlı olacaq. Artıq dünya təcrübəsi də göstərir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının buna siyasi iradə nümayiş etdirdiyi, eyni zamanda, xalq tərəfindən dəstəkləndiyi ölkələrdə mümkündür. Məhz bu baxımdan da yanaşma edərsək, əminliklə vurğulaya bilərik ki, Azərbaycanda möhkəm dayaqlara əsaslanan xalq-iqtidar birliyi həyata keçirilən islahatların uğurlu nəticələrinə stimul verir.

İslahatlara alternativ yoxdur!

Digər tərəfdən, Prezident İlham Əliyev öz çıxış və nitqlərində dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək. Çünki Azərbaycan dövlətinin siyasətinin mərkəzində ilk növbədə Azərbaycan vətəndaşlarının maraqları dayanır!

Daha bir nüans budur ki, ölkəmizdə keçirilən ötən ilki prezident seçkilərindən sonra cənab İlham Əliyev qeyd etmişdi ki, bütün əsas istiqamətlər üzrə mühüm hədəflər müəyyən edilib və bu hədəflər ölkə iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək, son nəticədə xalqımızın maddi rifahını daha da yaxşılaşdırmaqdır. O cümlədən, ölkədə gəncləşdirmə siyasətinin aparılması ilə bu hədəflərə çatmaq üçün ciddi struktur və kadr islahatlarının da aparılması zərurəti yaranıb. Artıq Azərbaycanda bu istiqamətdə artıq ciddi uğurlu dəyişikliklər baş verir, ölkəmizdə yüksək savada, biliyə sahib olan, istedadlı, kreativ gənc kadrlar yüksək vəzifələrə irəli çəkilirlər. Bu haqda danışarkən Prezident İlham Əliyev deyib: “Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma, kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Beləliklə, fakt budur ki, dövlətimizin başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünyadakı mövqelərini daha da gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını təmin etmək məqsədini önə sürüb. Bütün bunlar isə, bilavasitə qüdrətli Azərbaycan dövlətinin və xalqının daha da güclənməsinə doğru atılan əhəmiyyətli addımlardır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə