İƏT-ə sədrlik Türkiyəyə keçib FOTO

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 24-cü iclası Türkiyənin Antalya şəhərində işə başlayıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycanı iclasda Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edir.

Əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub. Sonra Tacikistanın Xarici İşlər nazirinin müavini Xusrav Noziri və İƏT-in Baş katibi Hadi Süleymanpurun hesabat məruzələri dinlənilib.

Məruzələrindən sonra təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib.

Türkiyənin dövlət himni səsləndirildikdən sonra Nazirlər Şurasının 24-cü iclasını Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu aparıb.

Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Hazırda təşkilatın Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İran daxil olmaqla, doqquz üzvü var. 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə