"Yol - iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir" ÖZƏL-MÜNASİBƏT

"Yol - iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir" ÖZƏL-MÜNASİBƏT

"Yol infrastrukturunun yaxşılaşdırılması iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, yol - iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir: "Bu gün Azərbaycanda yol infrastrukturunun yenidən qurulma prosesi daha da sürətləndirilir. Ucqar dağ kəndlərinə belə, asfalt yollar çəkilir. Qlobal rəqabətlilik əmsalı üzrə hesabatda Azərbaycan yol infrastrukturuna görə 27-ci yerdə qərarlaşıb. Təbii ki, bu istiqamətdə görülən işlər hələ də davam edir və etməlidir. Yol infrastrukturunun yaxşılaşdırılması iqtisadiyyatın ümumi dinamikasının gücünü artırır. Əgər ucqar dağ kəndlərində yollar asfaltlanırsa, Bakı şəhərinin qəsəbədaxili yolları da abadlaşdırılmalıdır. Dövlət başçısı da bu məsələyə xüsusi diqqət çəkib. Bakı kəndlərində və qəsəbələrdə yolların vəziyyəti bugünkü inkişafa uyğun deyil. Bu gün Bakı ətrafındakı ərazilərdə yeni sənaye parkları salınıb, istehsal müəssisələri yaradılır. Şübhəsiz ki, Bakı kəndlərində yolların abadlaşdırılması iqtisadiyyatın bu istiqamətinə də öz töhfəsini verəcək. Digər tərəfdən, qəsəbə və kənd sakinləri üçün hərəkət daha da asanlaşar. Dövlət başçısı sözügedən məsələ ilə bağlı aidiyyəti qurumlara öz tapşırıqlarını verib. Əhalinin daha rahat hərəkətinin təmin olunması üçün Bakıətrafı ərazilərdəki yollar tezliklə təmir ediləcək. Ümumilikdə götürdükdə, yol infrastrukturu ilə bağlı həyata keçirilən layihələr və görülən işlər bugünkü Azərbaycanın inkişafını daha da sürətləndirəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə