Paşinyanın komandasında Unanyan xofu

Paşinyanın komandasında Unanyan xofu

Ermənistan Ədliyyə Nazirliyi Nairi Unanyanın vaxtından əvvəl sərbəst buraxılmasına razılıq verməyib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Penitensiar Xidməti ömürlük məhkum edilmiş Nairi Unanyanın şərti azadlığa buraxılması ilə bağlı mənfi rəy verib.

Məhz bu mənfi rəy verildiyi nəzərə alaraq, cəzaçəkmə müəssisəsinin rəhbərliyi oktyabrın 28-də N.Unanyanın şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin başqa bir forma ilə əvəz edilməsi barədə məhkəməyə müraciət etməmək qərarına gəlib.

Görünür, Nairi Unanyan xofu Ermənistanda hələ də var və onun azadlığa buraxılmasından Ermənistan hakimiyyəti də bərk qorxur. Baxmayaraq ki, həbsdə olan terrorçu əvvəlki hakimiyyətə qarşı terror aktına görə cəza çəkir, məlum olur ki, Paşinyan hakimiyyətində də Unanyan xofu var.

Qeyd edək ki, bu qərar qəbul edildikdən sonra on gün ərzində birinci instansiya ümumi yurisdiksiya məhkəməsinə şikayət edilə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə