Harvard Universitetində Cənubi Qafqaza həsr edilmiş seminar keçirilib
Fevralın 23-də Harvard Universiteti yanında Avropa klubunun təşəbbüsü ilə Avrasiya regionunda Azərbaycanın rolu məsələsi müzakirə edilib. SİA-nın xəbərinə görə, görüşdə əsas məruzəçi kimi Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov çıxış edib. O vurğulayıb ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndən sonrakı 20 il müddətində öz dövlətçiliyini möhkəmlədib. Bu, Bakının praqmatizmə və milli mənafelərə əsaslanan xarici siyasət xətti yeritməsinə imkan verir.
Diplomat Azərbaycanın və Gürcüstanın uğurlu əməkdaşını və inteqrasiyasını nümunə göstərərək qeyd edib ki, İrəvanın düşünülməmiş, gələcəyi görməyən siyasəti nəticəsində Ermənistan yenə də özünü regiondan təcrid etmiş vəziyyətdə qalır. Eyni zamanda, 1991-ci ildə Ermənistanın müstəqillik elan etməsindən 20 il keçdiyinə baxmayaraq, onun xarici qüvvələrdən asılılığı nəinki azalmır, hətta əksinə daha da dərinləşir.
Baş konsul həll edilməmiş münaqişələri regionun təhlükəsizliyi və gələcəyi üçün ən böyük təhdid mənbəyi adlandırıb. Diplomatın fikrincə, münaqişənin və onun humanitar nəticələrinin tezliklə tənzimlənməsinin zəruriliyi bu münaqişənin ən dəhşətli səhifəsi olan Xocalı faciəsinin ildönümü ərəfəsində daha kəskin hiss edilir.
Azərbaycan diplomatı ümid etdiyini bildirib ki, Vaşinqtonun bu regiona münasibətdə mövqeyi yaxın gələcəkdə strateji tərəfdaşlıq prinsiplərinə daha çox uyğun olacaqdır.
Seminarda Harvard universitetinin professoru Karl Kayzer və Gürcüstanın sabiq müdafiə naziri David Sixarulidze də çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB