Parlaq kimi sırınan səfil Ermənistan TƏHLİL

Parlaq kimi sırınan səfil Ermənistan TƏHLİL

Günümüzün uğursuz erməni inqilabçıları hakimiyyətin imkanlarından və fürsətindən tam gücü ilə istifadə edirlər, çünki heç vaxt şüurlu həyatlarında belə bir fürsət əldə edəcəklərini təsəvvür belə edə bilməzdilər. Bu fikirlər Ermənistana məxsus mətbuat səhifələrində də öz əksini tapır. Ələlxüsus bəzi politoloqlar, siyasi şərhçilər, siyasi səhnədə olan tanınmışlar sosial şəbəkələrdə, öz Facebook səhifələrində bu barədə mütəmadi olaraq yazır, mövcud hakimiyyətin, yeni Ermənistan kimi sırınan dövlərin, demokratiya adı altında oymadıqları bütün oyunları, Paşinyanın repressiya siyasətini açıq-aşkar ifşa edirlər.

"Bir Ermənistan" partiyasının həmtəsisçisi Artur Kazinyan öz Facebook səhifəsində baş nazir və onun komandasının hədsizliyi, hakimiyyət kürsüsündən, onun imkanlarından, əllərinə qəfil düşən fürsətdən maksimum dərəcədə istifadə etdiyini yazır.
“Nikol Paşinyan milli və dövlət maraqları ilə heç bir əlaqəsi olmayan və demək olar ki, şəxsi ziyarətə bənzər bir səfər üçün təyyarəni xüsusi istifadəsinə götürür, mənim və sizin hesabınızdan 350.000 dollar dəyərində olan bir vəsaitdən özü üçün, ağlına gəldiyi şəkildə istifadə edir. Ümumiyyətlə, Ermənistanın tarixində heç vaxt belə bir hadisə, belə şəkildə dövlət mülkiyyətindən, imkan və fürsətdən istifadə olmayıb və bu birinci dəfədir ki, bunu da Nikol Paşinyan etdi.
Diqqət çəkən odur ki, belə bir ifrat dərəcəli israfçılığı yalnız ərəb şeyxləri öz lüks həyatları üçün ediblər. Ermənistanın yeni hakimiyyəti, səfər üçün hazırlanan nümayəndəliyin belə bir gedişi, məsələn, jurnalistlərin belə bir səfəri üçün nə qədər vəsait tələb olunduğunu hesablayıbmı?
Təsəvvür edin ki, bu Paşinyanın öz istifadəsi üçün israf etdiyi bu qədər vəsaitlə neçə yara sağalardı, neçə xəstə uşaq müalicə oluna bilərdi, neçə evsiz ailələr mənzillə təmin edilə bilərdi və nəhayət, neçə yaralı əsgər müalicə və bərpa oluna bilərdi. Amma yox, kral kürsüsünü zəbt etdiyini zənn edən biri gərək kral həyatı sürməli, onun övladları da çoxsaylı imtiyazlara, mühafizəyə və heç kimdə olmayan təminata malik olmalıdır axı”, deyə Artur Kazinyan öz Facebook səhifəsində Paşinyan və onun komandasını ələ salır, dövlət mülkiyyətindən, xalqa məxsus vəsaitlərdən özü üçün, öz kefi üçün ağlına gələn şəkildə istifadə etdiyinə görə onu hədəfə alır.
Həqiqətən də həyatları boyu ekonom sinif biletlərindən və dörd ulduzlu otellərdən başqa bir şey görməyən insanlar, yəni Paşinyan və onun komandasındakılar bu gün xüsusi təyyarələrdən istifadə edirlər, dünyanın ən bahalı otellərinin prezident otaqlarında qalırlar və ən bahalı butiklərdə alış-veriş edirlər. "Bir Ermənistan" partiyasının həmtəsisçisi öz səhifəsində bu barədə də açıq-aşkar yazır və hazırda Ermənistan hakimiyyətində təmsil olunanların fürsəti əldən verməyərək indi istifadə etdiklərinin bir zamanlar yuxularına belə girmədiyi imkanlar olduğunu dəfələrlə vurğulayır.
İndi əksəriyyəti repressiya qorxusundan etiraf edə bilməsə də bütün erməni siyasətçiləri özləri də yaxşı bilirlər ki, Ermənistanda orta təbəqə isə bədbəxt və ağır həyatını davam etdirməkdə, gündəlik çörək pulu qazanmaqda, qış ayaqqabıları və uşaqlar üçün paltar problemi ilə məşğul olmaqda və bahalı kommunal xidmətlər üçün pul ödəməkdə davam edir.
Məgər, inqilabın tələbi bu idi? Erməni xalqı, Ermənistan vətəndaşları bir neçə ailənin həyat səviyyəsinin kəskin artması uğrunda vuruşdular, zorakılığa məruz qaldılar və həbs edildilər?
İndi, "Bir Ermənistan" partiyasının həmtəsisçisi Artur Kazinyan kimi siyasətçilərin, politoloqların timsalında bütün ermənilər təəssüf edirlər ki, bu müddət ərzində çox şey etmək olardı. Dərin islahatlara başlamaq olardı və nəinki Nikolun, onun ailəsinin və hakimiyyətdə təmsil olunan bir neçə ailənin həyat keyfiyyəti, eyni zamanda bütün Ermənistan vətəndaşlarının həyat keyfiyyəti, sosial və fiziki təhlükəsizlik səviyyəsi yaxşılaşdırıla bilərdi. Bu ölkənin beynəlxalq nüfuzu arta, regional və beynəlxalq proseslərdə iştirakı rellaşdırıla bilərdi. Təbii ki, əgər Ermənistan naminə qlobal iqtisadi layihələr, regional əməkdaşlıqlar, sabitliyi təmin edən münasibətlər reallaşdırılsaydı və işğalçılıq siyasətindən əl çəkib normal münasibətlər üzərində strategiya tətbiq olunsaydı.
Məsələ burasındadır ki, xalqın adından, onun yaşayışının yaxşılaşdırılması mövqeyindən çıxış edən, daha doğrusu istifadə edən Nikol Paşinyan da, onun komandası da, onların Ermənistan hakimiyyətinə yerləşdirilməsində maraqlı qüvvələrin məhz maraqlarından istifadə edərək hakimiyyəti öz həyatlarının lüks təminatı üçün zəbt etdilər. İndi ələ keçirilən fürsət hesabına qurduqları bu həyatı itirmək təhlükəsi ilə qarşılaşdıqları zamanda Paşinyan və onun komandasının repressiyalara əl atması da başadüşüləndir. Əgər xalq adından istifadə edənlər xalqı, Ermənistanı və onun dövlətçiliyini nəzərə alsaydılar ilk növbədə erməni xalqını düşünər, onun təminatı üçün çalışar, elə bir strategiya tətbiq edərdilər ki, bununla da bu gün yalandan parlaq təqdim etdikləri Ermənistanı səfalətə sürükləməzdilər. İndi dünya ictimaiyyətinə parlaq olaraq təqdim edilən, daha doğrusu sırınan səfil Ermənistan portreti hamıya bəllidir və artıq bunu repressiyalardan qorxmayan, çəkinməyən bütün erməni siyasətçiləri, politoloqları, hətta sıravi ermənilərin özləri də etiraf edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə