Hulusi Kılıc: "Xocalı qətliamı dünyada törədilmiş ən dəhşətli faciələrdən biridir” - AÇIQLAMA

Hulusi Kılıc: "Xocalı qətliamı dünyada törədilmiş ən dəhşətli faciələrdən biridir” - AÇIQLAMA

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində TRT telekanalının Bakı təmsilçiliyinin Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar çəkdiyi "Duyun artıq" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yüksel Dəyərcan filmin quruluşçu rejissorunun Nailə Əkbərova, quruluşçu operatorun Vüqar İbadov, rejissor assistentin isə Aybəniz Rəfiyeva olduğunu bildirib. O, qeyd edib ki, erməni vəhşiliklərini bütün dünyaya çatdırmaq hər birimizin borcudur: "Bu gün sizlərə təqdim etdiyimiz bu film TRT ekranlarında nümayiş etdirilib. Film vasitəsi ilə çox məqamları aşkara çıxarmaq və tamaşaçılarımıza çatdırmaq istəmişik. Biz bu cür münasibətə "yetər" deyirik. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə törədilən bu qətliamı dünyada hər kəs bilməlidir".

 

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bu günə qədər susmağın kifayət olduğunu qeyd edib. O, bildirib ki, ermənilər müasir dövrümüzdə baş verən soyqırımı görməməzliyə vurmaqla tarixi saxtakarlıqla məşğul olurlar: "Bu film vasitəsilə türk dünyası və dünya ictimaiyyəti bir daha Xocalı qətliamını izləyib. Biz regionda sülh və əmin-amanlığın tərəfdarıyıq. Bu ədalətsizliyə, haqsızlığa son qoyulmalıdır. Xocalı qətliamı dünyada törədilmiş ən dəhşətli faciələrdən biridir".

 

Cıxışlardan sonra 30 dəqiqəlik film nümayiş etdirilib. Filmdə Xocalı faciəsinin şahidləri, millət vəkilləri və tarixçilərin fikirləri yer alıb. Xocalı faciəsindən görüntülərin yer aldığı film bir həftə ərzində ərsəyə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə