Azərbaycanın Türkiyə ilə viza rejiminin ləğv olunması məsələsi Milli Məclisdə mübahisəyə səbəb olub

Azərbaycanın Türkiyə ilə viza rejiminin ləğv olunması məsələsi Milli Məclisdə mübahisəyə səbəb olub
"Azərbaycan Türkiyə ilə viza rejimini gecikmədən ləğv etməlidir, biz qardaş ölkə ola-ola artıq Gürcüstan da Türkiyə ilə viza rejimini qaldırıb". SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa bildirib. Hakim partiyadan olan deputat Siyavuş Novruzov isə qeyd edib ki, Türkiyə ilə viza rejiminin ləğvinə ilk növbədə Naxçıvan Muxtar Respublikasından başlamaq lazımdır: "Bu məsələyə ciddi baxılmalıdır, prosesə ilk növbədə Naxçıvandan başlamaq mümkündür. Sonra isə bütün ölkə üzrə Türkiyə ilə viza rejiminin ləğvi məsələsinə baxmaq olar". Millət vəkili İqbal Ağazadə isə bildirib ki, Türkiyə ilə viza rejimini ləğv etmək Azərbaycan üçün təhlükəli olardı. "Çünki İranda olduğu kimi, Türkiyədə də separatçı qüvvələr var. Viza rejimi ləğv olunsa, həmin qüvvələrin üzvləri bundan istifadə edib Azərbaycan ərazisinə asanlıqla daxil olaraq təxribat törədə bilərlər. Ona görə də Azərbaycan hökuməti Türkiyə və İranla viza rejiminin ləğvi məsələsində mövqeyini açıq formada ifadə etməlidir. Hökumət bildirməlidir ki, Türkiyə və İranda separatçı qüvvələr olduğu təqdirdə viza rejiminin ləğvi mümkün deyil". Deputat Qüdrət Həsənquliyev Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməməsi üçün irəli sürülən arqumentləri ciddi saymadığını diqqətə çatdırıb. "Burada fikirlər səsləndi ki, bəzi təxribatçı qüvvələrin ölkəmizə ayaq açmaması üçün İran və Türkiyə ilə viza rejimi ləğv olunmamalıdır. Qloballaşan dünyada təxribatçı qüvvələr viza vasitəsilə də müxtəlif ölkələrə gedə bilirlər. Bizim Güneydə 35 milyon qardaşımız yaşayır. İranla viza rejiminin aradan qaldırılması vacibdir ki, soydaşlarımız öz vətənlərinə sərbəst şəkildə gəlib-gedə bilsinlər. Türkiyə ilə Azərbaycanda yaşayanlar da eyni millətin övladlarıdır, ona görə Türkiyə ilə də viza rejimi aradan qaldırılmalıdır. Biz Rusiyaya vizasız gedib-gəlirik, halbuki Ermənistan məhz bu dövlətin dəstəyilə torpaqlarımızı işğal edib. Türkiyəylə hərbi saziş imzalamağımıza baxmayaraq bu ölkə ilə viza rejimini saxlamağımızı normal hal kimi qiymətləndirmirəm"-deyə, millət vəkili məsələyə münasibət bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə