Prezident İlham Əliyev: "Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir"
Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə, son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan, regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin atması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi.Bu gün Azərbaycanı, etibarlı tərəfdaş kimi cəlbedici edən amillərdən ən əsası, ölkəmizin tutduğu yola sadiqliyi, davamlılığı və ortaya çıxan çətinliklərə baxmayaraq, qarşıya qoyulan məqsədə çatmaq əzmidir. Buna görə də, ekspertlərin "Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxın tərəfdaşıdır" qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir. Bu, enerji sahəsində Azərbaycanla əməkdaşlıq edən tərəfdaşların gələcəyə hesablanmış təminatıdır. Bu baxımdan sentyabrın 5-də Bakıda "Şimal-2" elektrik stansiyasının istismara verilməsi mərasimi bir daha bu faktoru təsdiqləyir. Dövlət başçımızın mərasimdə iştirak edərək, bu stansiyanın fəaliyyətə başlamasını elektrik enerjisi sahəsində çox əlamətdar hadisə olduğunu bildirib.
Stansiyanın verdiyi səmərələr...
Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən, istismardan çıxarılmışdı. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq "Şimal-1" stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq "Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq, "Şimal-2" Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək, 2019-cu ildə işlər tamamlanıb.Hazırda ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. "Şimal" Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində, 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində, elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, "Şimal" Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası, il ərzində, 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da, enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
"Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür"
Dövlət başçısı İlham Əliyev açılış mərasimində çıxışı zamanı bildirib ki, stansiyanın açılışı çox əlamətdar hadisədir: "Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var". Prezident İlham Əliyev bu stansiyanın yaranmasında Yaponiya şirkətlərinin böyük rolu olduğunu da qeyd edib: "Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və xarici işlər nazirinin müavini də, xüsusilə, bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır".Prezident İlham Əliyev, həmçinin bildirib ki, bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir: "Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram".Beləliklə, respublikamızda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, çoxsaylı sənaye və aqrar-sənaye obyektlərinin yaradılması elektrik enerjisinə və ehtiyat generasiya güclərinə tələbatı daha da artırdığından "Şimal-2" Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətlidir. Bu, iqtisadi cəhətdən, istehsal prosesinin səmərəliliyinin yüksəlməsinə, elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə azalmasına, ixrac potensialının artırılmasına və digər texniki imkanların genişləndirilməsinə şərait yaradır.Bir sözlə, dünya enerji mühiti üçün strateji əhəmiyyəti olan növbəti tədbirlərdən birinin Bakıda keçirilməsi Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinin əlamətidir. Azərbaycan, faktiki olaraq, dünya miqyasında enerji siyasətinin dinamikasına ciddi təsir göstərən ölkəyə çevrilib. Bu isə, o deməkdir ki, ölkənin milli təhlükəsizliyi daha geniş aspektdə təmin olunur. Eyni zamanda, Azərbaycan regionun lider dövləti kimi, bütün sferalarda söz sahibidir. Bütün bunlar isə, ümumilikdə, ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini göstərir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB