Və ya olmayan “hərəkatın” baş tutmayacaq qurultayı
Təsis olunduğu gündən parçalanmağa məruz qalmış “Azərbaycan Xalq Hərəkatı” (“AXH”) adlı qurumun fəaliyyəti uzağı bir neçə ay çəkdi və haçalanmış qanadlar bir-birlərini ən sərt tonda, eləcə də müxtəlif məsələlərdə ittiham etməyə başladılar. Xüsusilə, həmsədrlik mövzusu gündəmə çıxdıqdan sonra, özünü “lider” elan edən AMDP sədri İsgəndər Həmidova qarşı qruplarşmalar formalaşdırıldı. Xüsusilə, “Ağ Partiya” sədri Tural Abbaslı və onun dəstəkçiləri İ.Həmidovun şərtlərini rədd edərək, ayrılıqda fəaliyyət göstərmək qərarına gəldilər.
Lakin maraqlı məqamlardan biri də budur ki, hazırda İ.Həmidov ağır xəstədir və onun Türkiyədəki müalicəsi istənilən nəticəni verməyib. Qonşu ölkədən qayıtdıqdan sonra isə, indi də onun digər xarici ölkəyə müalicəyə gedəcəyi bildirilir.
Adı olub, özü olmayan “hərəkatın” hər hansı “qurultay” keçirmək iddiası ümumiyyətlə reallaşdırıla bilərmi?
Digər maraqlı məqam ALDP sədri Fuad Əliyevin zaman-zaman mətbuata çıxıb, guya “AXH”də hər şeyin normal məcrada getdiyini deməsi, hətta İ.Həmidovun tezliklə “hərəkata” geri dönüb, “sükanı” əlinə alacağı iddialarıdır. Amma göründüyü kimi, bu baş vermir – nə İ.Həmidov hər hansı açıqlama vermir, nə də ki, ümumiyyətlə, ortada görünən boşluqlar doldurulmur. Əksinə, parçalanmış qanadlar, qruplaşmalar daha amansız şəkildə bir-birləri ilə mübarizə aparmağa başlayıblar. Bütün bunların fonunda “qurultay” barədə deyilən fikirlər isə inandırıcı təsir bağışlamır. Bir halda ki, “AXH” parçalanıb və onun “lideri” ağır xəstədirsə, həmsədrlik postu ləğv edilibsə sözügedən tədbir necə baş tuta bilər? Adı olub, özü olmayan “hərəkatın” hər hansı “qurultay” keçirmək iddiası ümumiyyətlə reallaşdırıla bilərmi?
“Milli Şura”-AXCP cütlüyü “AXH”nin parçalanmasına nail olublar
Yeri gəlmişkən, bir zamanlar aralarından su keçməyən İ.Həmidovla AXCP sədri Əli Kərimlinin sonradan münasibətlərinin pozulması məsələsi arxasında da bəzi məqamlar diqqət çəkməyə başlayıb. Misal üçün, İ.Həmidov hələ Bakıda xəstəxanada müalicə olunarkən, Ə.Kərimli onun yanında olmuşdu. Hətta ondan əvvəl “Milli Şura”nın mitinqlərinin birində çıxış edən İ.Həmidov Ə.Kərimlini özünün ən yaxın “silahdaşı” olaraq bəyan etmişdi. Yalnız “AXH” təsis edildikdn sonra onların aralarında çatlar əmələ gəldi. Bu fakt isə həm də belə deməyə əsas verdi ki, bu gün dağıdıcı müxalifətin “aparıcı” təşkilatı kimi təqdim edilən “Milli Şura” və AXCP cütlüyü “hərəkatın” fəaliyyətinə müxtəlif səpgilərdən manelələr yaradıblar. Nəticədə onun parçalanmasına nail olublar.
Qız evində toydur, oğlan evinin isə xəbəri yoxdur məsələsi...
Beləliklə, ortaya belə bir mənzərə çıxır – İ.Həmidov ağır xəstədir və xarici ölkələrdən birinə ya əməliyyata, ya da müalicəyə gedəcək. “AXH”nin digər funksioneri – “GAP” sədri Ağasif Şakiroğlu isə iddia edir ki, payızda “qurultay” keçirmək niyyətindədirlər və həmin tədbirdə İ.Həmidov iştirak etməyəcək, ancaq sədr seçiləcək (?!) Bu zaman belə nəticə hasil olur ki, qız evində toydur, oğlan evinin isə xəbəri yoxdur. Görünür, siyasi ictimaiyyət ənənəvi müxalifətin bundan sonra daha kreativ hoqqalarının şahidlərinə çevriləcək...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB