"Polis siyasi qarşıdurmanın predmeti ola bilməz" ÖZƏL-MÜNASİBƏT

"Polis siyasi qarşıdurmanın predmeti ola bilməz" ÖZƏL-MÜNASİBƏT

Son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar, şərh və təhlillər paylaşırlar. Məsələyə münasibət bildirən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə SİA-ya açıqlamasında bunları deyib: "Polisi, ordunu, digər güc strukturlarını siyasətə qatmaq olmaz. Güc strukturları onların qarşısına qoyulan konkret vəzifələrinin icrası ilə məşğuldurlar. Polis siyasi qarşıdurmanın predmeti ola bilməz. Azərbaycan polisinin şanlı tarixi var. Azərbaycan polisi Birinci Qarabağ Müharibəsində yüzlərlə şəhid verib. Bu tarixə işıq tutmaq, vətəndaşın polisə güvənini artırmaq lazımdır.

Polisin vəzifəsi asayişin keşiyində dayanmaq, vətəndaşın təhlükəsizliyini təmin etməkdir. Polis-vətəndaş birliyinə əlahiddə ehtiyac var. Polislə vətəndaş arasında sədd çəkmək, ikitərəfli münasibətləri zədələmək yolverilməzdir.

Sözsüz ki, öz vəzifə borcunu yerinə yetirərkən səhlənkarlıq edən, daxili intizam qaydalarını pozan polis əməkdaşları da var. Əsas odur ki, törətdikləri əmələ müvafiq olaraq, həmin şəxslərin barəsində tədbirlər görülür. Bir neçə nəfərin əməlini Azərbaycan polisinin ayağına yazıb, bu strukturu nüfuzdan salmaq yolverilməzdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə