Ermənistanda korrupsiya ilə mübarizə vədləri boşa çıxıb ANALITIK
1in.am saytı: “İctimai rəydə belə bir şübhə yaranır ki, inqilab günlərində Serj Sarkisyanla Nikol Paşinyan arasında kulisarxası gizli sövdələşmələr olub”
“İyirmi il kriminal oliqarxiya ölkəni yeyib-bitirib, lakin inqilabın qələbəsindən sonra, Ermənistanda heç bir yüksək vəzifəli məmur korrupsiya ittihamı ilə qanun qarşısına çıxarılmayıb”. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am saytında baş nazir Nikol Paşinyanın fəaliyyətsizliyinə həsr olunmuş məqalədə yazılıb. Özündə hazırkı iqtidara qarşı bir sıra ittihamları əks etdirən təhlil yazıda bildirilir ki, əgər Manvel Qriqoryanın “tuşonka” işi istisna olunarsa, belə bir təsəvvür yaranar ki, ötən 20 ildə Ermənistanda sistemləşdirilmiş korrupsiya və talan olmayıb.
Erməni müəllif təhlilində Robert Koçaryan məsələsinə də toxunub. SİTAT: “Əlbəttə, Robert Koçaryana qarşı irəli sürülən ittihamlardan biri rüşvətalmadır, lakin hazırkı məqamda bu, ilkin istintaq orqanının əsaslı aksenti hesab edilə bilməz. “Əsrin rüşvətxoru”, sabiq təbiətin mühafizəsi naziri Aram Arutunyan “ehtiyatla” gizlənir, Serj Sarkisyana isə ümumiyyətlə, heç bir ittiham irəli sürülmür, bundan əlavə o, inqilabı və cəmiyyəti ələ salaraq, Baden-Badendə necə istəyirsə, elə də kef edir”.
Erməni analitik Serj Sarkisyanın qohumu Saşik Sarkisyanın əmisi ilə 50-50-yə “müəllif hüququnu” bölüşdürdüyünü də xatırladaraq qeyd edir ki, Saşik ittiham olunursa da belə, hüquq mühafizə orqanlarının “humanistliyi” sonsuzdur və onun ölkədən rahat şəkildə çıxmasına icazə verilibmiş...
Arman Babacanyan: “Ermənistanda korrupsiya ilə mübarizə sadəcə sənəd üzərində qalır və belə davam edərsə, bizdə heç bir iqtisadi artım tempindən, həmçinin hazırkı hakimiyyətin çox bəhs etdiyi inklüziv iqtisadiyyatdan danışmaq olmaz”
Yazıda erməni deputat Arman Babacanyanın “Facebook”dakı statusu da yer alıb. Belə ki, erməni deputat yazır ki, inqilab başladıqdan sonra Ermənistanda korrupsiya ilə mübarizə çərçivəsində bir nəfər də olsun korrupsiyalaşmış prezident, baş nazir, nazir, parlament sədri, deputat, polis, hakim cinayətlərinə görə həbs olunmayıb: “Ermənistanda korrupsiya ilə mübarizə sadəcə sənəd üzərində qalır və belə davam edərsə, bizdə heç bir iqtisadi artım tempindən, həmçinin hazırkı hakimiyyətin çox bəhs etdiyi inklüziv iqtisadiyyatdan danışmaq olmaz. Nəhayət, hələ ki, mövcud iqtidar 20 illik kriminal rejimə ən sərt siyasi qiyməti verməyə utanırsa, dövlətçiliyə qarşı fəaliyyət göstərmiş cinayətkarlar həbsxanalara yerləşdirilməyiblərsə, Ermənistanın dövlətçilik, suverenlik, inkişaf etmək ümidləri təhlükədə qalacaq”.
“Serj Sarkisyan azadlıqda qalırsa, Ovik Abramyan nəhng mülkədardırsa, Qagik Xaçatryan oğurladıqlarını istədiyi kimi xərcləyirsə, heç kim başqa nəyisə sübuta yetirə bilməz”
“Ermənistanda korrupsiya ilə mübarizə deklarativ xarakter daşıyır və Serj Sarkisyan azadlıqda qalırsa, Ovik Abramyan nəhng mülkədardırsa, Qagik Xaçatryan oğurladıqlarını istədiyi kimi xərcləyirsə, heç kim başqa nəyisə sübuta yetirə bilməz” yazan erməni müəllif bildirir ki, xüsusilə Serj Sarkisyanla bağlı məsələ artıq ictimaiyyətdə bəzi şübhələr yaratmağa başladıb: “İctimai rəydə belə bir şübhə yaranır ki, inqilab günlərində Serj Sarkisyanla Nikol Paşinyan arasında kulisarxası gizli sövdələşmələr olub. Təəssüf ki, sabiqlər cəzalarını almayınca, sözügedən kontekstdə müvafiq söhbətlər daha da artacaq və bu da Paşonyanın reytinqinin obyektiv düşüşünə səbəb olacaq. Başqa tərəfdən, Nikol Paşinyan sabiqlərin siyasi-hüquqi məsələsində özü-özünü tələyə salıb”.
Sonda isə bildirilir ki, əgər ölkədə instusional islahatlar yoxdurda, effekktiv korrupsiya ilə mübarizə məsələsindən ümumiyyətlə, danışmaq olmaz. Beləliklə, fakt budur ki, Nikol Paşinyanın digər sahələrdə verdiyi vədləri ilə yanaşı, bu sahədə də götürdüyü öhdəlikləri sadəcə hava kimi qalıb və heç bir nəticəni vermir. Fakt budur ki, Ermənistanın mövcud vəziyyəti göz önündədir və bunu elə ermənilərin öz dillərindən açıq-aydın hiss etmək mümkündür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB