Təxribatçı mitinqdən çıxarılan nəticələr...

Təxribatçı mitinqdən çıxarılan nəticələr...

Paşinyanın növbəti çağırışları burnundan uzağı görməməsi deməkdir

Son zamanlar Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz çıxışlarının artması, keçmiş prezident Robert Koçaryanın Paşinyan hökumətini "bacarıqsız və populist" adlandırması, bu ölkədə yeni seçkilərin taleyinin küçələrədə həll olunacağını, habelə, payızda yeni hadisələrin baş verəcəyini vurğulaması baş nazirin kürkünə birə salıb.
Ən əsas məqam isə, Koçaryan, Sarkisyan və onların dəstəklədikləri başqa bu kimi erməni liderləri Paşinyanın Qarabağda öz istədiyini qura bilməməsinə çalşmalarıdır.
Ona qarşı bu təzyiqləri ört-basdır etmək üçün avqustun 5-də işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə Ermənistan və Qarabağ "xalqlarının" birləşmək adı ilə Qarabağda "ümumerməni oyunları" adlı növbəti şounun açılışını edib. Hədəf, əlbəttə ki, separatçı rejimin təbliği və bu ərazilərin köklü sahibinin guya ermənilər olduğunu dünyaya nümayiş etdirməkdir. Bu məqsədlə dünyanın dörd bir yanından ermənilər və ermənipərəst qonaqlar dəvət edilib. Məlumatlara görə, Türkiyə, Gürcüstan və İran öz erməni əsilli vətəndaşlarına bu şouya qatılmaq üçün Qarabağa getmələrini yasaq edib.

Paşinyanın növbəti təxribatı

"Ümumerməni oyunları", şübhə yox ki, ondan əvvəlki analoji tədbirlər və idman "çempionatları" kimi, Azərbaycan dövlətinə qarşı düşünülmüş açıq təxribatdır. Daha dəqiq desək, erməni tərəfinin sülh danışıqlarına vurduqları daha bir zərbədir. Bir sözlə, rəsmi İrəvanın Bakı ilə böyük sülh sazişində maraqlı olmadığının daha bir təzahürüdür. Məhz bu səbəbdən də, Nikol Paşinyanın avqustun 6-da işğal altında olan əzəli Azərbaycan torpaqları Dağlıq Qarabağda "ümumerməni yay oyunlarının keçirilməsi" ideyası Ermənistan rəhbərliyi tərəfindən növbəti təxribatdır. Xüsusilə, son illərdə Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunan 2012-ci il "Avroviziya" Mahnı Müsabiqəsi, "Formula-1" Bakı Qran Pirisi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, bu yaxınlarda 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyətin iştirakı ilə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi Azərbaycanın durmadan artan gücündən və beynəlxalq nüfuzundan xəbər verir. Məhz bu uğurların qvarşısında Ermənistanın küçə, quldur "demokratı" Nikol Paşinyanın gücü ancaq müxtəlif təxribatlar törətməklə, işğalçılıq siysətinin ömrünü uzatmaqdır. Bunun üçün isə, hər cür vasitələrə əl atırlar. İnformasiya vasitələrinin verdiyi məlumatlara görə, Ermənistana qonşu olan Türkiyə, İran və Gürcüstan idmançıları bu oyunlarda iştirak etməyəcək. Bu isə, Azərbaycanın həm regionda, həm də dünyada yüksək nüfuza sahib olduğundan xəbər verir. Bu ölkə idmançılarının oyunlarda iştirakdan imtina etməsi Ermənistan rəhbərliyinin, onsuz da, aşağı olan nüfuzuna yeni bir zərbədir.
Eyni zamanda, nüfuzdan düşən Paşinyan bu səfər zamanı çalışır ki, gələn il qondarma rejimdə keçiriləcək "seçkilərdə" öz namizədinin qələbəsini təmin etsin. Ekspertlərin sözlərinə görə, Paşinyanın çıxışı yerli qondarma separatçı qurumun elektoratına ünvanlanıb. Əlbəttə ki, bu, acınacaqlı haldır. Çünki Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfər etməsi təxribatçı xarakter daşıyır. Bu, bir daha onu göstərir ki, Ermənistan həmin ərazilərdə hökmranlıq edir və oranı boşaltmaq niyyətində deyil. Eyni zamanda, Paşinyanın Azərbaycanla danışıqlar aparmaqdan boyun qaçırdığını da sübut edir. Təəssüf doğuran isə odur ki, bu cür səfərlər xarici müşahidəçilər, ATƏT-in Minsk Qrupu tərəfindən lazımi siyasi qiymət almır. Siyasi qiymət almadığı üçün də belə səfərlər və siyasi oyunlar sürətlə davam etdirilir.

Robert Koçaryan və Serj Sarkisyan hərbi xuntaya aid generalitet Paşinyan hökumətini saymır

Ümumiyyətlə, həmişə sərsəm çıxışları və hərəkətləri ilə avsayda qalan Nikol işğal altında olan Azərbaycanın əzəli torpaqlarına qanunsuz səfər etməklə, bir daha xarici siyasətdən xəbərsiz olduğunu və işğalçılıq siyasətindən əl çəkmədiyini subut edir. Politoloq Natiq Miri hesab edir ki, Nikol Paşinyan iqtidarı təmas xəttində hərbi proseslərə nəzarət edə bilmir: "Bundan əlavə, işğal olunmuş Azərbaycan ərazilərində Robert Koçaryan və Serj Sarkisyanın qurub-yaratdığı və rəhbərlik etdiyi hərbi xuntaya aid generalitet Paşinyan hökumətini saymır. Bu generalitet Paşinyan hökumətini devirmək üçün hərbi təxribatlar törətməklə yeni müharibəyə rəvac verə və nəticədə, Ermənistan ordusu Azərbaycan Ordusundan ciddi zərbə ala bilər. Bu zərbə təkcə canlı qüvvə və hərbi texnika itkisi ilə deyil, həm də çox ciddi strateji ərazilərin azad olunması ilə də nəticələnə bilər".
Politoloq əlavə edib ki, Ermənistan ictimai rəyində hələ də Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa dəyişiklik mövcud deyil: "Erməni ictimai rəyi hələ də Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasına heç bir vəchlə razılıq vermir. Ona görə də, əgər Koçaryan-Sarkisyan rejiminə xidmət edən hərbi xunta Azərbaycanın işğal olunmuş ərazilərində bu cür hərbi təxribatlar yaradarsa, - düşünürəm ki, son hərbi insidentlərin də arxasında bu istək və niyyətlər dayanır, - bu, Paşinyan üçün, həqiqətən də, çox xoşagəlməz durum yarada bilər".
Politoloq onu da bildirir ki, Paşinyan hakimiyyətə gəldiyi gündən erməni xalqını aldadır: "O, bu müddətdə ayılıq maaşların 7 dəfə artacağını, 2050-ci ildə Ermənistanın futbol üzrə dünya çempionu (!!!) olacağını, Ermənistan əhalisinin sayının 5 milyona çadıracaqlarını (son 6 ayda Ermənistanın daimi əhalsinin sayı 3,5 min nəfər azalıb - red.), 1,5 milyon yeni iş yerləri açacaqlarını və s. vədlər verib. Baş nazirin bu çıxışından, belə çıxır ki, Paşinyan 2050-ci ilədək hakimiyyətdə qalmaq istəyir. Ona görə bu müddətədək hakimiyyətdə qalmağı arzulamaq belə gülüncdür. Çıxışında "Qarabağın Ermənistan olduğunu", "Qarabağın Ermənstana birləşəcəyi" kimi xülyanı dünya ermənilərinə danışması Paşinyanın populist və avantürist olaraq qaldığını göstərir. Bu vədləri ilə, o, diaspor və xarici qüvvələr arasında itməkdə və azalmaqda olan nüfuzunu gücləndirməyə, artırmağa çalışır. Xankəndidə çıxışı ilə dünya ermənilərini, beynəlxalq ictimaiyyəti inandırmaq istəyib ki, Ermənistanın və Qarabağın problemlərini həll etməyə qadirdir. Gülməli və gülünc müddəa... Hansı qüvvə və maliyyə vəsaiti ilə? Bunu deməyib. Ümumiyyətlə, Paşinyanın çıxışlarında çox böyük vədlər verilir. Bu öhdəliklərin yerinə yetirilməsi üçün istifadə edəcəyi maliyyə vəsaitindən danışmır. O zaman belə bir sual doğur: bu vədləri yerinə yetirmək üçün Ermənistanın hansı resursları var? Son bir ildə ölkəyə turzim axını yox dərəcəsindədir. Bir sıra dövlətlər vətəndaşlarına Ermənistana səyahətin riskli olduğu barədə xəbərdarlıq edirlər".

Azərbaycan dövlətinin qətiyyətli mövqeyi təcrib olunmuş Ermənistanı təşvişə salıb

Ermənistan baş naziri N.Paşinyanın çıxışına dair Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan baş nazirinin Azərbaycan işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Xankəndi şəhərində "Qarabağ - Ermənistandır" deyə açıqlmasını qəti şəkildə rədd edirik.
H.Hacıyev qeyd edib: "Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstələyir. Azərbaycan dövləti və xalqı heç vaxt Ermənistanın törətdiyi hərbi işğal və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcəkdir.
Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə, münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir".
H.Hacıyev, onu da bildirib ki, bu açıqlama ilə Ermənistan baş naziri, həmçinin, öz-özünü inkar edir və bir müddət əvvəl, Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyyat və yalandan başqa bir şey olmadığını etiraf edir: "Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.
Ermənistan rəhbərliyini, əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ildə inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir.
Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.
Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir".
Beləliklə, bir daha Paşinyan anlamalıdır ki, işğal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistanın dövlət olaraq çöküşünü davam etdirəcək.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə