Ermənistanin baş naziri Nikol Paşinyan maraqlı bir status paylaşıb. 10 günlük məzuniyyətdən qayıtdığını yazan Paşinyan avqustun 5-də qondarma “DQR”in Xankəndi şəhərində mitinq keçirəcəyini yazıb və bütün Ermənistanı mitinqə dəvət edib. Onu da deyib ki, mitinqdə çox vacib xəbər verəcək. Bəyanat böyük maraq doğurub. Əksəriyyət hesab edir ki, Ermənistandakı özünün inqilabçı elektoratını oraya toplayaraq qondarma “DQR” hökumətinə son hədə mesajlarını bildirmək istəyir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Sahib Alıyev bunları deyib: “Ermənistanın baş naziri Nikol Paşinyan hələ Serj Sərkisyanın prezidentliyi dövründə hazırlanmış "son dərəcə məxfi" sənədə dayanaraq bildirir ki, ölkəsi iflic, hətta tam dalana dirənmiş vəziyyətdədir. Ermənistanın belə bir vəziyyətdə olduğunu bilmək üçün hansısa gizli sənədə ehtiyac yoxdur. Forpostun keçmiş rəhbəri Robert Köçəryanın ötən həftə verdiyi intervüdə də məhz belə bir vəziyyətdən bəhs edilirdi ki, bunun da əsl səbəbi heç kimə sir deyil. Dağlıq Qarabağ problemi həllini tapmayınca, yəni Ermənistan yeritdiyi işğalçılıq siyasətindən əl çəkməyincə vəziyyət belə də qalacaq, hətta daha da pis olacaq. Əgər Nikol Paşinyan doğurdan da ölkəsini bu dalandan çıxarmaq istəyirsə, onda bu gün Xankəndində edəcəyi çıxışında bunu açıq şəkildə dilə gətirməli və bu onun işğal altındakı Azərbaycan torpaqlarına axırıncı səfəri olmalıdır”.

Politoloq Zaur Məmmədov isə deyib ki, Paşinyan “ dövlət sirrlərini” açaraq özünü sığortalamaq istəyir: “O bildirir ki, Ermənistanda heç bir dövlət strukturu funksional (işlək) deyil. Nikol erməni xalqına demək istəyir ki, yaxın vaxtlarda ölkədə dövlət idarəçiliyində effektivlik gözləməyə dəyməz. Bu, özünü sığortalamaq deməkdir. Paşinyan bilməlidir ki, Ermənistanda sosial-iqtisadi durumun dəyişməsi üçün mütləq Qarabağ münaqişəsini həll etmək lazımdır. Faktiki olaraq, Nikol Azərbaycan Prezidenti cənab İlham Əliyevin müntəzəm olaraq Ermənistanla bağlı dediyi fikirləri təsdiq etdi. Paşinyan bilməlidir ki, onun siyasi karyerası Azərbaycandan asılıdır. Münaqişəni həll etməkdən, Bakı ilə anlaşmaqdan”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB