Ermənistanın qarşısına öhdəlik qoyulub

Ermənistanın qarşısına öhdəlik qoyulub

Avropa İnsan Haqları Məhkəməsi Yuri Vardanyanın iddiasına görə Ermənistana 1,6 milyon avro ödəmək öhdəyi qoyub. SİA Ermənistana məxsus lragir.am saytında yayımlananməlumata istinadən xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi Yuri Vardanyanın Ermənistana qarşı qaldırdığı iş üzrə qərar çıxarıb.

Məlumatda qeyd olunur ki, 2007-ci ildə Buzand küçəsi sakinləri Yuri Vardanyan, Artaşes Vardanyan və Şuşanik Nanuşyan tərəfindən AİHM-ə müraciət olunub və iddia qaldırılıb. İddiaya görə sadalanan erməni vətəndalara məxsus 1385 kvadrat metr sahəyə malik şəxsi mülkiyyət hökumətin xeyrinə reallaşdırılıb və 276 milyon dram real qiymətin əvəzinə onlar 54 milyon dram alıblar.

Dövlət maraqlarının qurbanları vəkil Vaqe Qriqoryanın köməyi ilə bütün yerli məhkəmə instansiyalarından keçdikdən və heç bir ədalətli nəticə əldə etmədikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşlarının ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu bildirib. Məhkəmə məsələni iddiaçılarla həll etmək üçün Ermənistan hökumətinə vaxt verib və əks halda AİHM kompensasiya miqdarını təyin edəcəyini bəyan edib. 25 iyul 2019-cu il tarixli qərara görə isə, AİHM Ermənistan hökumətinin qarşısına Vardanyana 1.602.000 avro ödəmək öhdəliyi qoyub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə