Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 50 il ötür

Azərbaycanımızın 1969-1982-ci illər dövrünə baxış

Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən qərar qəbul etdi. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi.

Həmin il avqustun 5-də H.Ə.Əliyev Azərbaycan KP MK Plenumunda çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi. Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi mənfi hallar olduğunu və onlara qarşı mübarizənin vacibliyini cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı. Heydər Əliyevin SSRİ rəhbərliyində böyük nüfuzu vardı. O, 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi və bu vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi. Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosialmədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi. Heydər Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. 70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanın mülki, mülki-prosessual, cinayət-prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi. Azərbaycan SSR-in məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə edilməsi, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, torpaq, əmək haqqında qanun məcəllələri, inzibati hüquq pozuntuları haqqında, ailə və nikah haqqında məcəllələr qəbul edildi. H.Əliyev 1977-ci il SSRİ Konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasının üzvü və 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasının sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına qarşı yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ Konstitusiyasını hazırlayan Komitənin üzvü kimi SSRİ rəhbərliyi qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı. Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən respublika Konstitusiya Komissiyasının hazırladığı yeni "Azərbaycan SSR Konstitusiyası" 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiya mövcud olan dar imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Ölkə rəhbərliyinin etirazına baxmayaraq, H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili respublikada dövlət dili statusunu saxladı.

Heydər Əliyevin mövcud reallıqlar daxilində məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik fəaliyyəti sayəsində partiya, sovet, həmkarlar ittifaqları, komsomol və b. ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr, mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsi idi ki, 70-ci illərdə Sovet İttifaqında əsas orta iqtisadi göstəricilərin artım sürətinin aşağı düşdüyü bir vaxtda Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 (əvvəlki 50 ildəki qədər), xalq istehlakı malları istehsalı 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşdırılmışdı. 1970-1982-ci illərdə respublika 12 dəfə müxtəlif Ümumittifaq yarışlarının qalibi oldu, keçici Qırmızı Bayraqlara layiq görüldü.

Milli mənəvi sərvətlərin tədqiqi və təbliği, tarixi araşdırmaların geniş vüsət alması Heydər Əliyev dövrünün həyata keçirilən tədbirləri idi. Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin, Aşıq Alının, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Hüseyn Cavidin və başqa elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan professional teatrının yüz illiyi təntənə ilə qeyd olunmuşdu. Azərbaycan tarixinə və Azərbaycan dilinə aid qiymətli araşdırmalara yüksək dövlət mükafatları verilməsi ziyalıları bu sahələrdə fəaliyyətlərini genişləndirməyə ruhlandırırdı. Bir zamanlar "pantürkist" kimi damğalanmış Hüseyn Cavidin cəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilib Naxçıvanda torpağa tapşırıldı.19 Cənubi Azərbaycanla birlik, həsrət hisslərinin ədəbi ifadəsinə geniş imkanlar açıldı. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi seçildi.20 Heydər Əliyev faşizmə qarşı mübarizədə Azərbaycan xalqının oynadığı rolun düzgün qiymətləndirilməsinə çalışırdı. O, Mehdi Hüseynzadənin Avropanın böyük antifaşist hərəkatında qəhrəmanlığının təbliğinin, haqqında əsərlər, kinofilm çəkilməsinin, ona heykəllər qoyulmasının təşəbbüsçüsü olmuşdu. 70-ci illərdə onun təşəbbüsü ilə Taqanroqda 416-cı Azərbaycan diviziyasının böyük qələbəsinə möhtəşəm xatirə ansamblı, Sevastopolda Sapundağda 77-ci Azərbaycan diviziyasının şərəfinə böyük abidə ucaldılmışdı. Heydər Əliyev Bakı neftinin İkinci dünya müharibəsində faşizm üzərində qələbədə oynadığı ümumdünya tarixi əhəmiyyətli rolunun SSRİ rəhbərləri tərəfindən etiraf edilməsinə nail oldu. 1978-ci ildə Bakı Lenin ordeni ilə təltif edildi. Heydər Əliyevin təşəbbüsü ilə partiya və dövlət orqanlarının, ictimai təşkilatların, ziyalıların respublikanın milli kadr potensialının möhkəmlənməsinə diqqəti artdı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına göndərildi. Milli hərbi kadrlar hazırlanmasına böyük qayğı göstərildi. 1971-ci ildə respublika orta hərbi internat məktəbi təşkil edildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı. Heydər Əliyevin məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanda milli özünüdərk prosesi xeyli güclənmişdi. Yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti yaradılmışdı. "Gəncə" sözü yasaq edildiyi vaxt "Yeni Gəncə" rayonu yaradılmışdı. Bakı rayonlarına "Nizami" və "Nəsimi" adları verildi. Rayonlara Naxçıvanda "Babək", Yuxarı Qarabağda "Əsgəran" adlarının verilməsi, Naxçıvan MSSR-də Sədərək qəsəbəsinin salınması bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha təsdiqləyirdi.

Naxçıvan MSSR və DQMV-nin iqtisadi və mədəni tərəqqisinə diqqət artırılmışdı. Şuşa şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar qəbul edildi. Şəhərin tarixi abidələrinin bərpa olunmasına, yeni binaların tikilməsinə başlanıldı. 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük məqbərə ucaldıldı. Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri açıldı. Natəvanın heykəli qoyuldu. Şəhərdə böyük mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati binalar tikildi. Şuşa Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Dağlıq Qarabağda əhalinin təminatı həmişə Azərbaycan SSR üzrə orta göstəricilərdən yüksək olurdu, 1973-cü ildə Xankəndidə (o zamankı Stepanakert) Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnstitut açıldı. 1979-cu ildə Ağdamdan buraya dəmir yolu çəkildi. Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti sayəsində partiya, sovet orqanları, ictimai təşkilatlar öz işini elə qurmuşdu ki, erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ildə Dağlıq Qarabağ məsələsi növbəti dəfə qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdı. Heydər Əliyev erməni millətçilərinin niyyətini yaxşı dərk edir, sərhəd rayonlarının iqtisadi və sosial-mədəni inkişafına böyük əhəmiyyət verir, qayğı göstərirdi. 70-ci illərdə mərkəz ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Buna qarşı H.Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri hazırlanmasına və həyata keçirilməsinə nail oldu. İqtisadiyyat xeyli dirçəldi. Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu. Azərbaycanda siyasi həyatın sürətlə inkişafı, partiyanın qanunverici hakimiyyət orqanının, yerli sovetlərin, ictimai-siyasi təşkilatların, yaradıcılıq ittifaqlarının işindəki mühüm irəliləmələr Heydər Əliyevin şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı, siyasi- dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. Buna görə də o, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə dəvət olundu. Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. H.Əliyev bu vəzifələrdən də xalqın naminə səmərəli istifadə edirdi.

Heydər Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, mütəfəkkir bir şəxsiyyətin, praqmatik siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.

Heydər Əliyevin hakimiyyəti illərində respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi, 630 min nəfərlik yeni iş yerləri yaradıldı. H.Əliyev Məişət kondinsionerləri zavodunun başqa regiondan alınıb Azərbaycanda tikilməsinə nail oldu. Bakı, Gəncə, Sumqayıt və başqa şəhərlər böyüdü. ətraflarında yeni yaşayış massivləri salındı, 20 milyon kvadrat metr mənzil sahəsi, yüzlərlə müasir, yaraşıqlı ictimai bina tikildi. Kənddə istehsal dəfələrlə artdı. Pambıqçılıq və üzümçülük rayonlarında əməkçilərin gəlirləri, abad kəndlərin və qəsəbələrin sayı xeyli çoxaldı.

Milli kadr potensialı artdı. Minlərlə azərbaycanlı gnc SSRİ-nin aparıcı elm və tədris ocaqlarına göndərilərək gözəl mütəxəssis kimi geri qayıtdılar. Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilib Naxçıvanda dəfn edildi.

1973-cü ildə Xankəndində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı açıldı. 1979-cu ildə Ağdamdan buraya dəmir yolu çəkildi. 1977-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağ məsələsi növbəti dəfə qaldırıldı. Lakin onun qarşısı qətiyyətlə alındı.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra neft sənayesindəki tənəzzülü aradan qaldırmağa nail oldu. Kəşfiyyat işləri genişləndirildi. Xəzər dənizində “28 aprel”, “Bahar”, “Günəşli”, və başqa zəngin neft və qaz yataqları aşkar edildi. Heydər Əliyevin əsasını qoyduğu Bakı Dərin dəniz Özülləri zavodu 1985-ci ildə ilk məhsulunu istehsal etdi. SSRİ dağılmaq ərəfəsində imperiyada istehsal olunan neftçıxarma texniksının 2/3-ni Azərbaycan verirdi. 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodu qısa vaxt ərzində tikilib istifadəyə verildi.

Əhalinin tələblərini ödəmək üçün istehlak malları istehsal edən müəssisələr şəbəkəsi genişləndi. 70-ci illərdə Bakıda tikiş, ayaqqabı, Sumqayıtda trikotaj, Gəncədə ət kombinatı, qənnadı fabriki, Yevlaxda yunun ilkin emalı, Xankəndində ayaqqabı fabrikləri, 80-ci illərdə Bakıda makaron, Xırdalanda dəri mallar, Abşeronda və Xırdalanda iri broyler fabrikləri istifadəyə verildi.

Enerjitutumlu sahələrin inkişafı respublikada elektrik enerjisi istehsalının artmasını tələb edirdi. 1971-ci ildə Naxçıvanda Araz SES, 70-ci illərin ortalarında Tərtər SES, 1981-1984-cü illərdə Şəmkir SES tikilərək işə salınmışdı.

Xalqımız üçün bu cür işlər görmüş bir şəxsiyyət 1982-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tərk edərək fəaliyyətini böyük bir imperiyanın – Sovetlər İttifaqının Nazirlər Sovetinin sədr müavini kimi davam etdirdi. Lakin Tanrı ona xalqımıza daha böyük xidmətlər göstərmək, onu düşdüyü çətinliklərdən xilas etmək üçün sonradan, yəni 1993-cü ildə xalqın tələbilə Azərbaycan rəhbərliyinə gətirilmək şansı verdi və bugünkü Azərbaycanın gələcək parlaq inkişafının əsası qoyuldu.

Bütün xəbərlər Facebook səhifəmizdə