Dövlət başçısının Sərəncamı ilə II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar müəyyən edilib
İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılıb. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb.
Bu gün ölkəmizdə mövcud olan idman hərəkatı beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının həvəslə ən mötəbər yarışlarını ölkəmizə həvalə etməsinə dəlalət edir. Bakıda bu yarışların yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir. Buna son on altı ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya İdman Komleksləri indi bölgə idmanının inkişafında da mühüm rol oynayır və bu proqram davamlı şəkildə icra olunur.
Əlbəttə ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin nəticəsi olaraq, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Bu yaxınlarda Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
"İDMANÇILARIMIZIN QƏLƏBƏLƏRİ VƏ DÖVLƏT TƏRƏFİNDƏN ONLARIN MÜKAFATLANDIRILMASI UŞAQ, YENİYETMƏ VƏ GƏNC İDMANÇILARDA DA RUH YÜKSƏKLİYİ YARADIR"

İdmançılarımıza ayrılan diqqətin daha bir nümunəsi olaraq, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat, milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) müəyyən edilib. Göründüyü kimi, idmanın inkişafı daim diqqətdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə idmançılara fəxri adların, mükafatların verilməsi idmana və idmançılarımıza olan diqqətin daha bir nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, idmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə və gənc idmançılarda da ruh yüksəkliyi yaradır: "Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları da tanısın və onlara da hörmət etsin".
Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.
BU GÜN AZƏRBAYCAN DÜNYADA HƏM DƏ GÜCLÜ İDMAN ƏNƏNƏLƏRİ İLƏ TANINIR
Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülmələri, Olimpiya Oyunlarında qazanılan qızıl, gümüş və bürünc medallar böyük tarixi nailiyyətdir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz, indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar".
Görülən işlər və idman sahəsinin dövlət tərəfindən qayğı ilə əhatə olunması idmançılarımızın uğurlarına yeni-yeni uğurlar calayır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB