Məsələ 14 il əvvəl yazılmış məktub üstündədir
Artıq bir neçə gündür ki, VİP və AMİP arasında savaş davam etməkdədir. Buna səbəb isə, AMİP-in lideri Etibar Məmmədovun illər öncə Əli Əliyevlə baş vermiş qarşıdurması məsələsidir. Məhz 2005-ci ildə sözügedən qarşıdurma nəticəsində Ə.Əliyev və tərəfdarları AMİP-dən səsli-küylü istefa verib, VİP-i təsis eləmişdi.
Ancaq bu günlərdə davanın əsas səbəbi məlum olub. Daha dəqiq desək, məsələ E.Məmmədovun Ə.Əliyevin keçmiş həyat yoldaşı tərəfindən yazdığı məktubunu mediada ictimailəşdirməsidir. Beləliklə, VİP sədrinin AMİP lideri ilə 2005-ci ildə yaşadığı ixtilafları bir daha gündəmə gətirməsindən sonra başlayan qarşıdurma getdikcə şiddətlənməyə başlayıb. Hətta partiya təmsilçilərinin sosial şəbəkələrdə, mətbuatda bir-birlərini ən aşağılayıcı tonda təhqir etmə halları da müşahidə olunur.
Samirə Mirzəyeva 14 il əvvəl Etibar Məmmədova yazdığı məktubunda Əli Əliyevi təhqir edib onu vicdansızlıqda və digər məsələlərdə suçlayıbmış
Bu arada, Ə.Əliyevin keçmiş həyat yoldaşı Samirə Mirzəyeva da qalmaqallara qoşularaq, E.Məmmədova qarşı ağır ittihamlar irəli sürüb, onu müxənnət və s. tipli ifadələri ilə hədəfə alıb. Daha doğrusu, S.Mirzəyeva məktub yazaraq, fikirlərini orada ifadə edib. Həmin məktubdan bəzi sətirləri diqqətə çatdırırıq. Lakin mövzuya keçməmiş onu da xatırladırıq ki, S.Mirzəyeva 14 il əvvəl E.Məmmədova yazdığı məktubunda Ə.Əliyevi təhqir edib onu vicdansızlıqda və digər məsələlərdə suçlayıb.
“Mən, Mirzəyeva Samirə Kərim qızı yazaraq bildirirəm ki, 2005-ci ildə yazdığım məktubun 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayıram. AMİP liderinin bu hərəkətini əxlaqa və adət-ənənələrimizə zidd hesab edirəm”, yazılan məktubda qeyd olunur ki, keçmiş həyat yoldaşı Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcud deyil: “Bu illər ərzində bizim problemlərimiz onun tərəfindən həll edilib. Etibar Məmmədov, kim sizə haqq verib ki, mənim və ailəmin adıyla siyasi alver edəsiniz? Bəlkə Əli Əliyevin siyasi nüfuzuna, intellektinə, apardığı mübarizəyə qısqanclıq edirsiniz?”
AMİP liderinin siyasi səhnədə hələ də yer tapa bilməməsinə də toxunan S.Mirzəyeva daha sonra yazır ki, belə səviyyəsiz mübarizə aparılmaz: “Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi arqumentlər qoyun ortaya, cəmiyyət də aranızdakı fərqə qiymət versin...”
“Mübarizəni şərəflə apararlar, daha sizin kimi yox”
E.Məmmədovu müxənnət adlandıran Ə.Əliyevin sabiq həyat yoldaşı qarşı tərəfi şərəfsizlikdə də günahlandırıb: “Mübarizəni şərəflə apararlar, daha sizin kimi yox. Cürətiniz varsa, onun qarşısına siyasətçi kimi çıxın. Sizi mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, elə siz Əli Əliyevə deyil, mənə cavab vermək səviyyəsindəsiniz”.
O, 14 il əvvəl yazdığı məktubdakı fikirlərindən imtina etdiyini də yazıb: “Mən əvvəl yazdığım bütün fikirlərimdən imtina edirəm...Sonda isə sizə müraciət edirəm, Etibar Məmmədov! Bilməyiniz üçün yazıram ki, 14 il əvvəl yazdığım məktubdan mənim fikrimi öyrənmədən sui-istifadəniz ən azından tərbiyədən uzaq hərəkətdir! Bir də mənim, ailəmin adından danışıb, tərbiyəsizlik etsəniz, cavabınızı ən sərt şəkildə özüm verəcəyəm”.
Əli Əliyevdən Etibar Məmmədova mesaj: “O, siyasətə gələrsə, cavabını verəcəm”
Qeyd edək ki, Ə.Əliyev də öz açıqlamasında keçmiş həyat yoldaşının məktubundan danışıb: “Söz təkrarlayan adam deyiləm. Bir dəfə demişəm, yenə deyirəm, o, siyasətə gələrsə, cavabını verəcəm. Hələ ki kölgədə oturub, siyasi palitrada mövqeyi bəlli deyil. Nə iqtidar kimi iqtidar, nə də müxalifət kimi müxalifətdir. Bu barədə geniş danışmayacam, danışmaq niyyətim də yoxdur. Sonuncu məktub əks tərəfin iddialarına cavabdır. Hesab edirəm ki, bu kifayət edir. Azərbaycan xalqının adət-ənənəsi var. İstənilən Azərbaycan vətəndaşının qadın və kişi olmasından asılı olmayaraq, belə məsələlərin gündəmə gətirilməsinə birmənalı cavabı var. Əgər bu cavabın nə olduğunu bilmək istəyənlər varsa, məktub altında yazılan rəylərə baxsınlar. Düşünürəm ki, bu, Azərbaycan xalqının bu məsələdə ictimai rəyidir”.
Ə.Əliyev keçmiş həyat yoldaşının 14 il öncə E.Məmmədova yazdığı məktubdan xəbərdar olduğunu da deyib:“Təxminən bilirdim ki, belə bir məktub var. İstənilən halda bu məktubu üzə çıxarmaq etik baxımdan düzgün deyil. Kiminsə adından məktub yayanda ən azından həmin şəxsin rəyini öyrənmək lazımdır. Bu rəyi də sonuncu məktubu ilə keçmiş həyat yoldaşım yayıb. Bundan artıq nəsə deməyə ehtiyac yoxdur”.
Beləliklə, vəziyyətin gərginliyi göz önündədir və AMİP tərəfinin, xüsusilə E.Məmmədovun tərəfdarlarının daha aqressiv şəkildə cavab verəcəklərini gözləmək olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB