Koçaryanın tərəfdarları, "Qarabağ klanı" və indiki hakimiyyət arasında olan mübarizə
Paşinyanın savadsız siyasətinin ağır nəticələri
Ermənistanda bir-birinin ardınca baş verən siyasi proseslər işğalçı ölkədə gərginləşən vəziyyəti daha da ağırlaşdırıb. Xüsusilə də, azadlığa buraxılması ilə yanaşı, Koçaryan - Sarkisyan-Saakyan üçlüyünün yaratmış oduğu ittifaq Nikol Paşinyan hökumətinə qarşı ciddi təhlükə yaratdı. Bəzi politoloqlar Robert Koçaryanın azad edilməsini Rusiya amili ilə əlaqələndirirlər. Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan çarəsizlikdən sələfləri kimi Rusiyadan asılı olmağı qərarlaşdırıb və Kremldən öz hakimiyyətinə dəstək alıb. Bu dəstəyin qarşılığında isə, Moskva Paşinyandan yaxın adamı Robert Koçaryanın həbsdən azad edilməsini istəyib. Baxmayaraq ki, Koçaryan-Sarkisyan-Saakyan üçlüyünün Yerevanda hətta hakimiyyət çevrilişinə hazırlaşdıqları bildirilirdi.
Ermənistanda baş verən prosesləri şərh edən ekspertlər də, hesab edirlər ki, sabiq prezident Robert Koçaryanın həbsdən azad edilməsinin arxasında Rusiya amili dayanır. Lakin bir məqamı da, vurğulamaq yerinə düşər ki, Nikol Paşinyan xalqa 1 mart hadisələrinin qurbanlarını məsuliyyətə cəlb edəcəyini vəd versə də, bu gün keçmiş müdafiə naziri Seyran Ohanyan azadlıqdadır. Sabiq prezident Serj Sarkisyan istədiyi an Qarabağdadır. Hətta Serjin "Qarabağ klanı"na təsir imkanları qalmaqdadır. Xaçaturovu həbs edə bilmədi. Üstəlik, aprel müharibəsində baş qərargah rəisi olan və Yerəvan ermənləri arasında nüfuzu aşağı olan şəxsi yenidən özünə baş qərargah rəisi təyin etməyə məcbur oldu.
Göründüyü kimi Nikol Paşinyanın "Qarabağ klanı"nın qarşısında zəifliyi ortadadır. Və bu gün Robert Koçaryanın həbsdən azadlığı çıxması Ermənistanda yeni siyasi proseslərə strart vermiş oldu. Siyasi politoloqların sözlərinə görə, gələn il qondarma rejimdə keçirilən seçkilərdə Koçaryan orada rejimin başına gətirilə bilər. O da bildirilir ki, baş verən ssenarilər Kremldən idarə olunur və Nikol Paşinyan üçün siyasi gərginlik dövrü başlayır. Ermənistanda baş verənlər Qarabağ danışıqlrında Nikol Paşinyanın daha da sərt mövqe tutmasına gətirəcək. Ümumiyyətlə, Nikol Paşinyan danışıqlarda "Qarabağ klanı"ndan çəkindiyi üçün heç bir kompromis varinatla razılaşmayacaq.
Fikrət Sadıqov: "Ermənistanda gərginliyin əsas səbəbkarı yenə də küçə lideri Paşinyanın savadsızlığının nəticəsidir"
Siyasi politoloq Fikrət Sadıqov Ermənistanda yenidən yaranan siyasi gərginlik barədə danışarkən bildirib ki, yenə də küçə lideri Paşinyanın savadsızlığının nəticəsidir: "Əslində, Koçaryan uğrunda mübarizə bir sıra qüvvələr - Koçaryanın tərəfdarları, "Qarabağ klanı" və indiki hakimiyyət arasında olan mübarizəyə çevrilir. Bu, özü-özlüyündə daha gərgin bir vəziyyətə gətirib çıxara bilər. Təbii ki, Koçaryan cinayətkardır və uzun illər ərzində həbsxanada qalmalıdır. Amma onu həbsxanada saxlamaq üçün müəyyən hüquqi üslublardan istifadə etmək lazımdır. Paşinyan isə bu məsələdə populist addımlar atır. Sanki bu, hələ də küçə hərəkatının lideridir. Görünür, təcrübəsizlikdən özünü hələ, tam mənada, baş nazir hiss etmir".
F.Sadıqovun sözlərinə görə, Ermənistanda baş verən bu proseslər müəyyən dərəcədə ölkədə yeni gərginliyə gətirib-çıxara bilər: "Çünki artıq Paşinyana qarşı keçmişdəki kimi kütləvi dəstək nümayiş olunmur".
Politoloqların da ilk gündən "küçə demokratının sonu ancaq belə olmalıdır" demələri, bu gün ölkədə baş verənlər, bir daha sübuta yetirir. Baş nazir vəzifəsini tutan Nikol Paşinyan mövqeyindən sui-istfiadə edərək qarşısındakıların hamısını, belə demək olarsa, silib-süpürərək ölkədə yeganə dominant fiqur olmaq niyyətindədir. Qeyd olunan xüsusda Ermənistanın "1-in.am" portalında dərc edilən yazıda vurğulanır ki, Paşinyan gözlənildyindən də tez diktatora çevrilir.
Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın işləri yaxşı getmir. Əksər siyasi təhlilçilərə görə, hətta onun ətrafında dairə daralmaqdadır. Çünki "məxməri inqilab"dan ötən 1 ildə Paşinyan özünə çevik və peşəkar komanda qura, məhkəmə-hüquq sistemində zəruri islahatlar aparıb hakimiyyətini möhkəmlədə bilməyib. Paşinyan hökuməti indi siyasi rəqiblərin, ələlxüsus, Moskvaya bağlı varlı "Qarabağ klanı"nın təzyiqləri və əksinqilab ssenarilərinə heç vaxt olmadığı qədər həssas duruma gəlib.
Ermənistan Moskva üçün çətin daşınan əlavə yükdür
Beləliklə, baş verənlər onu göstərir ki, Ermənistan formal müstəqillik qazanandan sonra ayaqda dura bilmir və işğal rejiminin davam etdirməsində, sözsüz ki, Rusiya həlledici rol oynayan dövlətdir. Ancaq bu da var ki, Ermənistan getdikcə Moskva üçün çətin daşınan əlavə yükə - "qulpsuz çamadan"a - "başağrısı"na çevrilməkdədir. Xüsusən də, NATO üzvü Türkiyə ilə Rusiya arasında münasibətlərin dinamik inkişafda olması, Moskva və Ankara arasında etimadın daim yüksəlməsi "bahalı Ermənistan" layihəsini Kreml üçün az arzulanan edir. Çoxsaylı hərbi kontingent saxlamaq üçün Ermənistanı bəsləməyi mənasız duruma gətirir.
Əlbəttə ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu onun bölgədəki maraqları ilə birbaşa bağlıdır. Ancaq bu maraqların dəyişməsi istisna edilmir. Bu yerdə Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında dediyi bir ifadəni xatırlatmaq istərdim: "Biz yanğınsöndürən komanda deyilik ki, daim kimisə xilas edək. Xüsusən də, haranı ki, orada bizdən az şey asılıdır".
Əslində, bu, həm də Ermənistana şifrəli bir ismarıcdır ki, Moskvaya çox bel bağlamasın, o cümlədən, Qarabağ məsələsində. Yeri gəlmişkən, bəzən rəsmi Moskvanın açıq deyə bilmədiyi sözü ona yaxın ekspertlər deyirlər. Məsələn, rusiyalı politoloq Stanislav Tarasov erməni portalına müsahibəsində Rusiyanın Qarabağ məsələsində, ilk növbədə, öz dövlət maraqlarını qoruduğunu deyib. Sitat: "Biz orada (Dağlıq Qarabağ konflikti zonasında - red.) olmalı, hər şeyi görməliyik. Ancaq bu, heç də o demək deyil ki, biz bir tərəflə oynayırıq. Biz, ilk növbədə, dövlət maraqlarımızı qoruyuruq".
Rusiyanın həmin bu dövlət maraqları günün birində Ermənistanı Azərbaycanla təkbətək də qoya bilər. Ən azından, Bakıya lazım olan müddətdə, yəni Dağlıq Qarabağ probleminin qısa zamanda, güc yolu ilə həlli üçün lazım olan zaman kəsiyi üçün.
Başqa bir maraqlı fakt da N.Paşinyanın Rusiya mətbuatına Ermənistan-Rusiya münasibətləri ilə bağlı verdiyi müsahibədə, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakı məsələsini yenə də qabartmağa çalışmasıdır. Baş nazirin məntiqinə görə, "Dağlıq Qarabağ xalqının iştirakı olmadan münaqişəni necə həll etmək olar?" Ancaq bu ifadə altında yalnız Azərbaycanın həmin bölgəsində qanunsuz qurum yaradan bir qrup separatçını nəzərdə tutmaqla, N.Paşinyan yenə də yanlış bir mövqe tutmuş olur. Azərbaycan tərəfi həmin bölgənin azərbaycanlı icması ilə yanaşı, erməni icmasının da müəyyən mərhələdə prosesdə iştirak edə biləcəyini istisna etmir. Lakin rəsmi Yerevanın işğal faktının üstündən sükutla keçərək, "Arsax" adı altında yalnız bölgədə məskunlaşmış terrorçu-separatçıları nəzərdə tutması, nəinki beynəlxalq hüquqa, heç adi etik qaydalara belə uyğun deyil.
Göründüyü kimi, belə ikiüzlülük və yalançılıqla ən kiçik münaqişəni belə həll etmək mümkün deyil. Bütün dünya bilir ki, Ermənistan havadarlarının birbaşa yardımı ilə Azərbaycan torpaqlarını işğal edib və münaqişə həmin məqamdan başlayıb. Bu səbəbdən, onun həllinə işğalçıların zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməsi ilə başlamaq olar. Yalnız bundan sonra digər məsələləri müzakirə etmək mümkündür. İşğal ərazisindən təcavüzkarın çıxmadığı halda, hansısa həll variantından danışmaq imkansızdır. Bu nəticə Madrid prinsiplərindən, Helsinki Yekun Aktının maddələrindən, BMT-nin və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdən birbaşa irəli gəlir.
Ədalətin bərpası: sadə həqiqətlərin qəbul edilməsi şərti
Deməli, N.Paşinyanın, başlanğıc kimi təqdim etməyə çalışdığı vəziyyət, reallıqda işğalın son mənzərəsidir və bu mənada, dəyişməlidir. Bütün bunlar Ermənistanın münaqişənin həlli ilə bağlı hazırda tutduğu mövqe barədə müəyyən təsəvvür əldə etməyə imkan yaradır. Hər şeydən öncə, bir daha aydın olur ki, rəsmi Yerevan problemə səmimi yanaşmır. Ermənistanın sosial-iqtisadi vəziyyətinin, bərbad olaraq qalması və yeni hakimiyyətin real addım ata bilməməsi, ictimai rəyi başqa məsələlərə yönəltməyi tələb edir.
Buradan sadə bir məntiqi nəticə alınır: Paşinyanın Ermənistanın probleminin həlli ilə bağlı nə təsəvvürü, nə də real bir addımı var. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB