Nazir Elmar Məmmədyarov Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər ölkələr arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd bildiriblər. Turizm, enerji, kənd təsərrüfatı kimi sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd olunub.
Nazir E.Məmmədyarov regionda vəziyyət barədə danışaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsini regionun ümumi inkişafına mane olan hal kimi qiymətləndirib. İyirmi birinci əsrdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanması, orada etnik təmizləmələrin aparılması və dinc əhalini zorakılıqla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin öz birmənalı mövqeyini bildirməsinin vacibliyini vurğulanıb.
Öz növbəsində xanım Dequtienen ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı dəstəklədiyini deyərək, Litva Seymində 50-yə yaxın deputatın imzası altında münaqişə ilə bağlı qətnamənin hazırlandığını deyib. Münaqişənin tezliklə və sülh yolu ilə həll olunmasını arzulayan Litvalı qonaq bunun üçün beynəlxalq strukturların səylərinin artmasının vacibliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə