Litva Seyminin sədri xanım İrena Dyaqutene bu gün Azərbaycana rəsmi səfərə gələcək. SİA-nın Seymin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən yaydığı məlumata görə, nümayəndə heyətinin həmin gün prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə ilə görüşü nəzərdə tutulub. İrena Dyaqutene həmçinin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək. Litva Seyminin spikeri fevralın 9-da Azərbaycan-Litva biznes-forumunda iştirak edəcək, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək.
İrena Dyaqutene Heydər Əliyev Fondunun fəaliyyəti ilə tanış olacaq, Azərbaycan Tarixi Muzeyinə baş çəkəcək. Spiker fevralın 10-da sənaye və energetika naziri Natiq Əliyev, vergilər naziri Fazil Məmmədovla görüşəcək, Azərbaycan Ədəbiyyatı Muzeyinə baş çəkəcək, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında konsert proqramını izləyəcək. Səfər fevralın 11-də başa çatacaq.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Litvanın iş adamları da daxildir. Onlar Bakıda keçiriləcək biznes-forumda iştirak edəcək, Azərbaycana sərmayə qoyuluşu imkanlarını araşdıracaqlar. Seymin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, spiker bu səfərin Litva biznesinin inkişafına kömək göstərəcəyinə əmindir: "Litva və Azərbaycan siyasətçilərinin ən yüksək səviyyədə görüşü təkcə ikitərəfli siyasi münasibətləri möhkəmləndirmək üçün deyil, həm də Litva biznesi üçün qapıları daha geniş açmaq üçün gözəl imkandır. Biz həmçinin Azərbaycan rəhbərliyinin və iş adamlarının Litvada müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda gerçəkləşdirilən layihələrə maraq göstərəcəyinə ümid edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB