"Özbəkistanın ABŞ və Rusiya ilə münasibətlərində ciddi dinamika var" ÖZƏL-ŞƏRH

"Özbəkistanın ABŞ və Rusiya ilə münasibətlərində ciddi dinamika var" ÖZƏL-ŞƏRH

"Özbəkistanın həm ABŞ, həm də Rusiya ilə münasibətlərində kifayət qədər ciddi dinamika var". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Özbəkistanın belə dinamikada marağı olsa da təşəbbüskar özü deyil: "ABŞ və Rusiyanın Özbəkistan üzrə aktivliyi Özbəkistan üzərində bu 2 dövlətin rəqabətinə gətirib çıxara bilər. Bunun ilkin əlamətləri görünür. RF-in Baş naziri D.Medvedev iki günlük səfərlə Özbəkistanda oldu. Ş.Mirziyayev onunla görüşərkən Özbəkistan və Rusiya xalqlarının bir-birindən ötrü darıxdığını bildirdi. Reallıqda isə Ş.Mirziyayevin siyasəti tam fərqli istiqamətdədir. “Milis” terminindən imtina edildi, Daxili İşlər Orqanları terminindən istifadə olunacaq. Ehtimal ki, “polis” termini qəbul ediləcək.

Prezident Ş.Mirziyayev 9 mayda “Qələbə günü” termini əvəzinə “Şərəf və yaddaş günü” terminindən istifadə etdi. Bununla da yanaşı bir qrup ziyalı rus dilinin Özbəkistanda ikinci dil kimi elan olunmasına çağırış etdilər.

Rusiya Özbəkistanda iqtisadi faktoru xeyli gücləndirir, artıq Özbəkistanda Rusiyanın tikəcəyi AES-in yeri bəllidir. Müqavilə bu ilin sonunadək imzalanacaqdır. Rusiya Özbəkistanla mal dövriyyəsini 4,5 milyard dollardan 10 milyard dollara çatdırmaq istəyir. Rusiya və Özbəkistan diplomların qarşılıqlı tanınması sahəsində müqavilə imzaladılar.

Hərbi texniki əməkdaşlıqla bağlı müqaviləni Səmərqəndə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru D.Şuqayev və Özbəkistanın Hərbi Sənaye Kompleksi üzrə Dövlət Komitəsinin sədri A.İbadullayev imzaladılar.

ABŞ-ın Özbəkistanda yeni səfiri fəaliyyətə başladı. ABŞ-ın pambıqçılıq ştatı olan Misisipi ştatının qubernatoru Filipp Brayantın başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda oldu, Ş.Mirziyayev onu qəbul etdi. Özbək pambığının dünya bazarına çıxışına maneənin aradan qaldırılmasında bu mühüm addım ola bilər.

ABŞ təhsil sahəsində islahatlar üçün Özbəkistana 20 milyard dollar vəsait ayırdı.

Almaniya prezidenti V.F.Ştaynmayer Özbəkistanda səfərdə oldu, Ş.Mirziyayev onu qəbul etdi. Ən böyük proqram Almaniyanın Özbəkistanda nüvə təbabəti mərkəzi açmasıdır. Bu nüvə müəssisəsinin açılmasına Qərbin Rusiya AES-lərinə qarşı mübarizə kampaniyası çərçivəsində yanaşmaq olar. Özbəkistan və Almaniya prezidentlərinin iştirakı ilə bir sıra sənədlər imzalandı. Sənədlərin içərisində ən ciddi iqtisadi tutumlusu Volkswagen avtomobil zavodunun filialının Özbəkistanda açılmasıdır. 2018-ci ildə iki ölkə arasında mal dövriyyəsi 25 faiz artaraq 770 milyon dollar olub. Prezidentlər Əfqanıstan üzrə Özbəkistan-Almaniya məsləhətləşmələri mexanizmini buraxmağı razılaşdırdılar. Bu mexanizm Əfqanıstanda sosial, iqtisadi infrastruktur layihələri irəlilədəcəkdir.

V.F.Ştaynmayer Özbəkistanın iş adamları ilə görüşdü. Almaniya Özbəkistana vilayət xəstəxanalarının modernləşməsi üçün 2 il ərzində 123,8 milyon avro vəsait ayırdı.

Ştaynmayer regiona gəlməzdən qabaq bir sıra hüquq-müdafiə təşkilatları Almaniya prezidentindən islahatların davamı üçün Özbəkistan rəhbərliyinə təzyiq etməyi tövsiyə etmişdilər. O, bununla məşğul olmadı.

Aİ Özbəkistana marağını artırıb, amma Aİ üçün insan hüquqları məsələsi də ön plandadır. Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistanın su təchizatı sahəsinin modernləşməsinə 300 milyon dollar vəsait ayırdı.

Beynəlxalq Valyuta Fondu Özbəkistana dövlət banklarını özəlləşdirməyi və kreditlərin həcmini azaltmağı tövsiyə etdi. Beynəlxalq Valyuta Fondu Özbəkistanda hakimiyyət dəyişikliyindən sonra aparılan islahatların keyfiyyətini xüsusi qeyd etdi.

Çinin Xİ naziri Van İ Bişkekdə ŞƏT tədbiri çərçivəsində Özbəkistanın Xİ naziri Əbdüləziz Kamilovla görüşdü. Çin hüquqşünasları Özbəkistanda Çin biznesmenlərinin hüquqlarını qorumaq üçün ofis açdılar. Bu əslində Çinin Özbəkistandan narazı qaldığının göstəricisi kimi qəbul edilə bilər.

Türkiyə prezidenti R.T.Ərdoğan Özbəkistan prezidenti Ş.Mirziyayevə zəng edərək onu Ramazan bayramı münasibətilə təbrik etdi.

İranın Ali rəhbərinin xüsusi nümayəndəsi, İran İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi Özbəkistanda Xİ naziri Əbdüləziz Kamilovla görüşdü, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər. ABŞ-ın sanksiyaları İranı Mərkəzi Asiya regionu üzrə siyasətini aktivləşdirməyə vadar edir.

Pakistan və Özbəkistan iki ölkə arasında mal dövriyyəsini 296 milyon dollara artırmağı vəd veriblər. Özbəkistanın Baş nazirinin müavini Elbir Qaniyev İslamabada gəldi, Pakistan rəhbərliyi ilə görüşdü. Əsas məqsəd Özbəkistan- Məzari Şərif-Kabul-Peşəvar dəmir yolunun tikintisini razılaşdırmaqdır.

Tranzit daşımaları üçün Qazaxıstanın Aktau limanından istifadə etməyə başladı.

SOCAR (ARDNŞ) Kaşkadəryada neft istehsalını artırıb. Özbəkistanın Aral hissəsində neft və qazın geoloji kəşfiyyatı ilə BP və SOCAR (ARDNŞ) şirkətləri məşğul olacaqdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə