YAP Siyəzən rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib

YAP Siyəzən rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib

Dünən YAP Siyəzən rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Konfransda 200 nəfərdən çox nümayəndə iştirak edib.
Konfransı giriş sözü açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, Azərbaycanda dövlət-gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Prezidentimiz İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir".
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Siyəzən rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Rəhmanov, ötən müddət ərzində, gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirakından, dövlətə, dövlətçiliyə və ölkə başçısının həyata keçirdiyi siyasətə dəstək olmasından danışıb.
Daha sonra çıxış edən partiyanın fəal üzvü Elvin Kərimov bildirib ki, gənclərimiz günümüzün aktual məsələlərini geniş şəkildə təhlil edirlər: "Məhz bu amil, deməyə əsas yaradır ki, bizim gənclərimiz çox fəaldırlar. Onlara çox böyük ümidlər var, onlar öz təhsillərini, fəaliyyətlərini müstəqil Azərbaycanda qurublar".
Konfransda təşkilati məsələlərə baxılaraq, YAP Siyəzən rayon təşkilatı gənclər birliyinə 15 nəfərdən ibarət şura üzvü, 9 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilib. Elvin Kərimov isə rayon təşkilatı gənclər birliyinin sədri seçilib. Həmçinin, YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşdirilib.
Sonda Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də təhsil, səhiyyə və idman həyatında gənclərin uğurlarından danışıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə