İsrailin nüfuzlu qəzetlərindən olan "Haaretz"ın Misir hadisələri ilə bağlı şərhində "Qərbin gücünü itirdiyi" qənaətinə gəlinir. SİA-nın məlumatına görə, qəzet ABŞ və müttəfiqlərinin zəifləyən gücündən sonra yeni güc mərkəzlərindən birinin Türkiyə olacağını yazıb.
Qəzet yazır ki, ərəb xalqları keçmişdə qəbul etdiklərini daha qəbul etməyəcək. Qeyd edilib ki, müasirləşmə, qloballaşma, telekommunikasiya və islamlaşma qarşısı alınmayan bir kütlə hərəkatı yaradıb və demokratik İraq modeli digər Orta Şərq ölkələrini yuxudan oyadıb. Yazıda vurğulanıb ki, Misirdəki hadisələr 1989-cu ildə SSRİ-nin Şərqi Avropadakı çöküşünü xatırladır: "Demokratiyanın, teokratiyanın, yoxsa yeni bir demokratiyanın qurulacağını kimsə bilmir. Ancaq heç bir şey keçmişdəki kimi olmayacaq. Orta Şərqdəki sistem dağılır. 1950-ci illərdə generalların müstəmləkə güclərinə arxalanan ərəb monarxiyasını yıxdıqları kimi, 2011-ci ildə də ABŞ-dan güc alan ərəb tiranlarının kürəyi yerə gətirilir".
"Necə olur ki, 2009-cu ilin may ayında Misir prezidenti Hüsnü Mübarək ABŞ prezidenti Barak Obamanın hörmət etdiyi lider ikən, 2011-ci ildə diktator olur?" yazan "Haaretz" hesab edir ki, Qərbin xəyanəti onun gücünün sonu olacaq: "Necə olur ki, Obama 2009-cu ilin iyununda İran prezidenti Mahmud Ahmedinejada qarşı qiyam qaldıran iranlıları dəstəkləmir, amma indi Mübarəkə qarşı dayanan kütləyə dəstək verir? Bunun cavabı belədir: Qərbin sərgilədiyi davranış, insan haqqları ilə əlaqəsi olan bir mövqe deyil. Qərbin mövqeyi, keçmiş prezident Cimmi Karterin dünyagörüşünü xatırladır. Karterin İran şahına xəyanəti başımıza ayətullahları gətirdi. Bir müddət sonra bu ayətullahlar nüvə silahının sahibi olacaq. Qərbin Mübarəkə xəyanəti müsbət bir şey verməyəcək. Bu yalnız sabitlik təmin edən, müasirləşməyi dəstəkləyən, Qərbə sadiq olan bir liderə xəyanət deyil. Bu eyni zamanda Qərbin Orta Şərqdəki bütün müttəfiqlərinə və inkişaf etməkdə olan dünyaya xəyanətidir".
Qəzet hesab edir ki, Qərbin bu mövqeyi dünyanı əhəmiyyətli dərəcədə dəyişdirəcək: "Çin, Rusiya, Braziliya, Türkiyə və İran kimi regional güclər bu vəziyyətdən yararlanmağa başlayacaq. Şimali Atlantikanın siyasi hökmranlığı on illərlə deyil, bir neçə il ərzində yox olacaq. ABŞ və Avropa Mübarəki indi dəfn etsə, bir müddət sonra sahib olduqları gücü də dəfn edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB