Heydər Əliyev-Azərbaycanın özü qədər əbədi Lider

Heydər Əliyev-Azərbaycanın özü qədər əbədi Lider

Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatı və Oğuz rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Oğuz şəhər Mədəniyyət Mərkəzində "Heydər Əliyev-Azərbaycanın özü qədər əbədi lider" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Öncə, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. O, qeyd edib ki, hazırda Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. E.Qurbanov vurğulayıb ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası təşkil edir.
Daha sonra konfransda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.
Tədbirdə Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, rayon Gənclər İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Tərkəş kənd orta məktəbinin 10-cu sinif şagirdi, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı "Ən yaxşı təqdimat" müsabiqəsində respublika üzrə 2-ci yer tutan Məcidli Şəbnəm çıxış edərək qeyd ediblər ki, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edib inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar.
Tədbirin sonunda Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş müxtəlif idman yarışlarının və inşa yazı müsabiqəsinin qaliblərinə YAP Oğuz rayon təşkilatının qiymətli hədiyyələri və Fəxri Fərmanları təqdim edilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə