Lənkəranda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

Lənkəranda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

Lənkəranda "İkinci Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi"nin ictimaiyyətlə məsləhətləşmələr üzrə 3-cü geniş yığıncağı keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsində təşkil olunan tədbiri açan idarənin rəisi Allahyar Salayev bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində respublikamızın 17 rayonunda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Artıq bununla bağlı hazırlanmış layihə Azərbaycan Hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən icrasına yaxın vaxtlarda start veriləcək.

Lənkəran şəhərində layihənin icraçısı Türkiyənin AİM Texas Tredinq LLC şirkətinin baş meneceri Abdurrahim Tan layihə çərçivəsində bölgədə həyata keçiriləcək işlərlə bağlı ətraflı məlumat verib.

Bildirib ki, layihədə su təchizatı və çirkab su sistemlərinin yenidən qurulması, bərpa edilməsi, o cümlədən çirkab suları təmizləyici qurğularının təchizatı və quraşdırılması nəzərdə tutulub.

Tədbirdə, həmçinin layihənin icrası zamanı ətraf mühitə təsirlərlə bağlı müzakirələr aparılıb.

Maraqlı diskussiya şəratində keçən yığıncaqda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə