"İqtisadiyyatımız müəyyən olunmuş proqramlar üzrə inkişaf etdirilir" ÖZƏL-RƏY
“Birinci rübün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ölkə başçısı birinci rübün uğurlarını ətraflı təhlil etdi. Təbii ki, 2019-cu ilin uğurlu olacağı ilin əvvəlinin proqnozlarında da qeyd olunmuşdu”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan iqtisadiyyatı müəyyən olunmuş proqramlar üzrə inkişaf etdirilir: “Hər bir proqramda müəyyən dövr üçün konkret hədəflər müəyyənləşdirilir. Amma 2014-2015-ci illərdə dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi neft istehsal edən ölkələrin iqtisadiyyatlarında şoklar yaşatdı. Azərbaycan da neft istehsal edən ölkə olduğundan milli valyutamız kəskin ucuzlaşdı, iqtisadiyyatımız müəyyən çətinliklərlə üzləşdi. Amma ölkə başçımızın düşünülmüş siyasəti ölkəmizdə həyata keçirilməsi planlaşdırılan proqramları 10 il önə çəkməyi şərtləndirdi və iqtisadiyyatımızı yeni qlobal çağırışlara uyğun qurmaq məsələsi aktuallaşdı. Yeni çağırışlar iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və diversifikasiya olunmuş qeyri-neft iqtisadiyyatını inkişaf etdirməkdən ibarət idi. 2016-cı ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas aparıcı 11 sektoru üzrə Strateji Yol Xəritələri hazırlanaraq təsdiq olundu. Sənayenin, kənd təsərrüfatının, turizmin, İKT-nin və başqa sahələrin inkişaf edirilməsi üzrə konkret hədəflər müəyyənləşdirildi. Çevik iqtisadi siyasətin göstəricisi oldu ki, qısa zaman ərzində Azərbaycan iqtisadiyyatında sabitləşmə yarandı. 2016-2017-ci illər iqtisadiyyatımızın sabitləşməsi illəri oldu. 2018-ci il dərin islahatlar ili kimi tarixə düşdü. 2019-cu il isə yüksək inkişaf ili olacaqdır. Birinci rübün sosial-iqtisadi göstəriciləri uğurlarımızın davamlı olacağından xəbər verir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 3 faiz; sənaye 4,4 faiz; qeyri-neft sənaye 15,6 faiz; əhalinin pul gəlirləri 5,5 faiz; kənd təssərüfatı isə 3,6 faiz artmışdır. Bütün bu artımların fonunda inflyasiya çox aşağı həddə qalaraq 2,1 faiz olmuşdur.
Onu da qeyd etmək istəyirəm ki, ölkədə aparılan struktur islahatları, vergi və gömrük sahəsində müasir çağırışlara uyğun idarəetmə sisteminin qurulması bu sahələrdə yeni iş mühiti formalaşdırmışdır. İdarəetmədə innovasiyalardan istifadə olunması, şəffaflığın, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində aparılan tədbirlər öz nəticəsini verməkdədir. Məhz cari ilin I rübündə Vergilər Nazirliyindən proqnozdan əlavə 150 milyon manat, gömrükdən 50 milyon manat vəsaitin büdcəyə daxil olmasını bu sahələrdə aparılan islahatların uğurlu nəticəsi kimi qeyd etmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB