MTN ABŞ və Böyük Britaniyanın Azərbaycanda terror təhlükəsi barədə xəbərdarlığına münasibət bildirib

ABŞ-ın Bakıdakı səfirliyi Dövlət Departamentinin terror hədəsi barədə məlumatlarına əsasən Azərbaycanda ABŞ-ın maraqları və başqa hədəflərə qarşı potensial hücumların baş verə biləcəyi barədə ABŞ vətəndaşlarını xəbərdar edib. SİA-nın məlumatına görə, səfirliyin və Dövlət Departamentinin saytlarında yayılan məlumatda deyilir ki, Azərbaycandakı ABŞ vətəndaşları xüsusi ilə Qərblə əlaqəsi olan ictimai yerlərdə sayıq olmalıdırlar. Məlumatda ABŞ vətəndaşları diqqətli olmağa, öz təhlükəsizlikləri barədə sayıq hərəkət etməyə, təkrar olunan günlük fəaliyyət planlarında dəyişikliklər etməyə, evdən işə, işdən evə həmişə istifadə etdiklərindən fərqli yollardan getməyə çağırılırlar. Dövlət Departamenti və ABŞ səfirliyi hədənin mahiyyəti haqqında ətraflı məlumat verməyiblər.

Böyük Britaniyanın Bakıdakı səfirliyi də ABŞ Dövlət Departamentinin məlumatına əsasən vətəndaşlarına xəbərdarlıq edib. Səfirliyin rəsmi saytında yerləşdirilən məlumatda mümkün terror ehtimalına qarşı vətəndaşlardan ayıq-sayıq olmaları xahiş olunub.

ABŞ-ın Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlığına münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və bu proses daimidir.

"Ölkəmizin aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur", deyə A. Babayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə