"Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir" ÖZƏL-ŞƏRH

"Azərbaycanın beynəlxalq siyasətinin təməlində, dünyanı bir araya gətirməklə müxtəlif dini milli konfensiyalar arasında dostluq yaratmaq, dünyaya multikulturalizm nümunəsini təqdim etmək, dünyada baş verən haqsızlıq və ədalətsizliklərə qarşı birgə səylərini ortaya qoymaqda təşəbbüskar olmaq durur. Əgər dünyada mədəniyyətlərin bir-birinə inteqrasiyası və müxtəlif konfensiyaların birgə bərabər yaşayışı təmin olunmazsa, günahsız insanların qətli daha da artacaq, ədalətsizlik baş alıb gedəcək və heç bir inkişafdan danışmaq mümkün olmayacaq. Dünyaya ən yaxşı nümunə Azərbaycandır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, multikulturalizmə və tolerantlıq yüksək tutmaqla ölkəmiz bütün insanların bərabər yaşayışını təmin edib ki, bu da Azərbaycanın yüksək mədəni və sosial -iqtisadi inkişafına gətirib çıxarıb: "Biz istəyirik ki, bütün dünya Azərbaycanda bir araya gəlsin və dünyanı narahat edən humanitar problemlər məhz Bakıda müzakirə olunaraq birgə səylərini ortaya qoysunlar. Bu məqsədlə Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 5-ci Baki Beynəlxalq Hümanitar Forumu və s. buna misal göstərmək olar. Belə mötəbər tədbirlər keçirməklə biz, ölkəmizə qarşı törədilmiş erməni ədalətsizliklərini dünyaya təqdim etmək, ölkəmizdəki multikultural mühiti dünyaya nümayiş etmək, dünyaya Azərbaycanı daha da yaxşı tanıtmaq imkanlarını əldə etmiş oluruq. Azərbaycan sabitlik adasıdır və məhz sabitliyimizi və inkişafımızı dünya tanıdıqca dostlarımızın sayı da artır. Məhz dünyaya inteqrasiyanı artırmaqla daha yüksək inkişafa nail olmaq olar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə