Tahir Abbaslı: "Siyasi Ayətullahlar İranda sözləri keçmədiyindən öz şanslarını qonşu ölkələrdə sınamaq istəyirlər”
"Dünyada və regionda baş verən proseslər Azərbaycanı ehtiyatlı davranmağa məcbur edir. Əks halda bizim ölkəmizdə də xoşagəlməz proseslərin yaşanması mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib.
O bildirib ki, son dövrlər dünyada, həmçinin regionda müxitəlif hadisələr baş verir: "Təbii ki, bunlar ölkəmizə təsirsiz ötüşmür. Bir tərəfdən Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin bərpasına mane olur, digər tərəfdən dolayı yolla ölkəmizi müharibə ilə hədələyir, İran isə dinin vasitəsilə Azərbaycanı əmniyyətsiz ölkə kimi göstərmək istəyir".
AİDP sədrinin fikrincə, Rusiyanın müxtəlif yerlərində, xüsusilə də Moskvada Qafqaz və Orta Asiyadan olan millətlərin təzyiqlərə məruz qalması bu ölkədə yaşayan və işləmək üçün gedən soydaşlarımızın yaxın illərdə oxşar münasibətlə üz-üzə qalacağından xəbər verir: "Domodedovo" hava limanındakı teraktda qafqazlı izinin axtarışı da qafqazlılara mənfi münasibətin dərinləşəcəyindən xəbər verən əlamət sayıla bilər".
İranın "Səhər" kanalı vasitəsilə Azərbaycanın daxili işlərinə qarışdığını önə çəkən T.Abbaslı son dövrlər bu ölkənin Azərbaycanı hədəf seçdiyini söyləyib: "Ayətullah Nasir Məkarimi Şirazidən tutmuş Ərdəbilin imam cüməsinə qədər əksər dindarlar fətva və xütbə adı ilə Azərbaycanın dindarlarını zahirdə dəstəklədiklərini nümayiş etdirirlər. Bu simalar əslində İranın siyasi hakimiyyətinin tribunalarıdırlar. Hədəfləri heç də İslam təəssübkeşliyi deyil. Azərbaycan hakimiyyətini şəriət hökmləri və fətvalarla qorxutmaq istəyirlər. Halbuki onların fətvalarına heç İranın özündə də əməl emirlər.
Belə ki, Məkarim Şirazi son dövrlərdə İranda siqaretin çəkilməməsinə aid fətva vermişdi, amma nəticəsi olmadı. Əksinə bu ölkədə siqaret çəkənlərin sayı artıb. Yəni artıq siyasi Ayətullahların İranda sözləri keçmədiyindən onlar öz şanslarını qonşu ölkələrdə sınamaq istəyirlər. Təssüflər olsun ki, İran Ayətullahlarının axurunda böyüyən bəzi azərbaycanlı dindarlar da öz saytlarında, çıxışlarında İran yandıran ocağa odun qoyurlar. İş o yerə çatıb ki, bu odunçular öz əməlləri ilə fəxr edirlər. Bir halda ki, İranın Qum şəhərində fəaliyyət göstərən Ayətullahlar hökumət Ayətullahlarının yanlış siyasətlərinə sərt etiraz edirlər, ölkəmizin dindarlarının onların din adı ilə ortaya atdıqları siyasi oyunlarına uymaları səhvdir. Belələri dini bizines vasitəsinə çevirən İranın siyasətini bu ölkədən qrant alaraq Azərbaycanda tətbiq etmək fikrindədilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB