Ermənistanın hakim rejimin apardığı qeyri-konstruktiv siyasət hər bir danışıqlardan sonra özünü daha qabarıq şəkildə göstərir. Hələ Vyana görüşü ərəfəsi küçə demokratı Paşinyan və onun komandası çalışdı ki, danışıqlarda qondarma "DQR" tərəf kimi iştirak etsin. Ancaq ATƏT-in Minsk Qrupunun formatın dəyişməyəcəyi ilə bağlı verdiyi bəyanat və Vyana görüşünün əvvəlki danışıqlar formatında keçirilməsi Azərbaycan diplomatiyasının uğuru kimi yadda qaldı. Söhbət etdiyimiz müsahiblərimiz Paşinyan rejiminin, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində tutduğu səhv və yanlış siyasətinin küçə demokratlarının süqutuna gətirib çıxaracağını bildirdilər.
Millət vəkili Kamilə Əliyeva: "Aprel zəfəri təkrarlana bilər"
- Bu gün Ermənistan iqtisadi, siyasi, hərbi və digər sahələrdə çox ağır bir durumda olan bir ölkədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkə üçün çox ağır bir problemə çevrilib. Münaqişə elə bir mərhələdədir ki, artıq Ermənistan bunun içərisində çapalayır. Hətta baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Amerikanın səsi"nə müsahibə verərkən bildirib ki, minlərlə erməni əsgər
Dağlıq Qarabağda heç nə uğrunda həyatlarını qurban veriblər. Bütün bunlar erməni cəmiyyətinin ümumi fikri və mövqeyidir. Ermənilər müharibənin, işğalçılıq siyasətinin onlara ancaq fəlakətlər gətirdiyini dərk edirlər. Hakim rejim müstəqil olmadığından, xalqla eyni mövqedə ola bilmir. Küçə demokratı Paşinyan Vyana görüşü ərəfəsi danışıqlarda qondarma "DQR"-in də iştirakına dair sərsəm fikirlər səsləndirirdi. Yəni danışıqların formatının dəyişdirilməsi ilə bağlı özünün təxribatçı təkliflərini irəli sürürdü. Amma Azərbaycanın sərt münasibəti fonunda, ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də, Avropa İttifaqının rəsmiləri, birmənalı şəkildə, bu tələbi rədd etdilər və açıq şəkildə Ermənistana izah etdilər ki, mövcud format dəyişdirilə bilməz, onun dəyişdirilməsi mümkünsüzdür. Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll olunmasında əlbəttə ki, bizim gözləntilərimiz çoxdur. Sülh danışıqları nəticə verməsə, güclü və qüdrətli Azərbaycan Ordusu hərəkətə keçəcək və bu zaman Ermənistanın daşı daş üstə qalmayacaq. Azərbaycan işğalçı Ermənistanla müqayisə oluna bilməz. Azərbaycan dövləti, xalqı və ordusu özünün qələbələrini nümayiş etdirir. Mən elə 2016-cı il aprel döyüşlərini, xüsusilə, qeyd etmək istəyirəm ki, qısa müddətdə, Azərbaycan Ordusu Ermənistanın 25 ildən çox müddətdə qurduğu müdafiə istehkamlarını dağıdaraq, 2 min kvadratmetr ərazini işğaldan azad etdi. Bununla da, Azərbaycan Ordusu öz gücünü və qüdrətini düşmən ölkəyə nümayiş etdirdi. Eyni zamanda, aprel zəfəri istər Ermənistana, istər Ermənistanın himayədarlarına, istərsə də, ikili standartlardan əl çəkməyən beynəlxalq birliklərə bir mesaj idi. Bu qələbə həm də, o demək idi ki, işğalçı ölkə sülhə gəlməsə, aprel zəfəri təkrarlana bilər. Amma artıq istər Ermənistan xalqı, istərsə Paşinyanın yoldaşı, istərsə də Ermənistan rəhbərliyində olanlar, başa düşürlər ki, Ermənistanın inkişaf etməsi və xalqının yaxşı yaşaması, Azərbaycandan asılıdır. Yəni o mənada ki, onlar nə qədər tez işğal altında olan torpaqlarımızı azad etsələr və öz ordularını torpaqlarımızdan çıxarsalar, bir o qədər tez Ermənistanın inkişaf etməsi üçün münbit şərait yarana bilər. Münaqişənin uzanması işğalçının ziyanınadır. Azərbaycan Ordusu Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızı, ən qısa müddətdə, azad etməyə qadirdir. Bunun üçün həm də, Azərbaycan dövlətinin hərbi gücü və imkanı var. Ona görə də, Ermənistan tərəfi reallığı dərk etməli və danışıqlar masası ətrafında konkret addımlarını atmalıdır.
Politoloq Elşən Manafov: "Paşinyan və komandasının "Sorosun uşaqları" adlandırılması təsadüfi deyil"
- Ermənistanın müdafiə naziri David Tonoyanın Vaşinqtondan Azərbaycan əleyhinə verdiyi bəyanat diqqətdən yayınmadı. Bəyanatın özünün Vaşinqtondan verilməsi də maraqlıdır. Belə nəticə çıxdı ki, David Tonoyan sanki bu bəyanatı Vaşinqtonda kimlərləsə razılaşdırıb. Bu da, ondan irəli gəlir ki, Paşinyanın həyata keçirdiyi "məxməri inqilab"ın əsas maliyyə dəstəkçiləri də ABŞ-dan idi. Paşinyan və onun komandasının "Sorosun uşaqları" adlandırılması bu baxımdan, təsadüfi deyil. Amma bütün hallarda bu bəyanatın ATƏT-in Minsk Qrupuna üzv olan dövlətlərdən birindən verilməsi diqqəti cəlb edir. Təəssüflər olsun ki, Tonoyanın bu bəyanatına nə ABŞ-dan, nə də Minsk Qrupunda təmsil olunan digər dövlətlərdən kəskin reaksiya verilmədi. Dövlət Departamentinin də buna ciddi reaksiyası olmadı. Azərbaycanın isə bu bəyanata mövqeyi kəskin və birmənalıdır.
Müdafiə naziri Zakir Həsənov qarşı tərəfə xatırlatdı ki, Azərbaycan təkcə bölgənin yox, dünyanın ən güclü ordularından birinə malikdir. Eyni zamanda, erməni tərəfinə 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin məlum nəticələrini xatırlatdı. Həmin döyüşlərdə Azərbaycan Ordusunun cəmi 20 faizi iştirak etmişdi və əldə edilən nəticələr də göz qabağında idi. Habelə, Zakir Həsənov, onu da bildirdi ki, lazım gəlsə, Ermənistanın müdafiə naziri ilə İrəvanda da görüşə bilərik. Bununla belə, Azərbaycan münaqişənin dinc yolla həllinə hazır olduğunu da, bir daha nümayiş etdirdi. Ermənistan tərəfi isə güzəştə getmək niyyətindən uzaq olduğunu göstərir. Lakin son günlərdə baş verənləri Azərbaycan diplomatiyasının uğuru kimi qeyd etmək olar. Çünki Paşinyan Vyana görüşünə qədər çalışdı ki, danışıqların formatı dəyişsin. Azərbaycan tərəfi, birmənalı tərzdə bildirdi ki, format dəyişə bilməz. Vyana görüşündən sonra Minsk Qrupunun formatın dəyişməyəcəyi ilə bağlı verdiyi bəyanat Azərbaycan diplomatiyasının uğuru kimi yadda qaldı. Hesab edirəm ki, bu uğur danışıqların növbəti mərhələsi üçün impulsiv xarakter verə bilər. Digər yandan, bu qarşılıqlı bəyanatlar, həm də ondan qaynaqlanır ki, həmişə yaz aylarında hərbi əməliyyatların başlaması ehtimalı yüksək olur. Tərəflər bir-birinə əzələ nümayiş etdirməyə çalışırlar. Ermənistan tərəfi unutmamalıdır ki, təkcə Azərbaycan Ordusunun xərcləri Ermənistanın illik hərbi büdcəsindən dəfələrlə çoxdur. Yəqin ki, Ermənistan və onun havadarları bu mesajların arxasında hansı məqamların dayandığını başa düşəcəklər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB