"Paşinyanı başa salmağın vaxtı çatıb" ÖZƏL - MÖVQE

"Paşinyanı başa salmağın vaxtı çatıb" ÖZƏL - MÖVQE

"Ermənistan baş naziri Nikol Paşinyanın Madrid prinsiplərini başa düşmədiyini deməsi əslində onu başa düşmək istəmədiyi kimi qiymətləndirilməlidir. Başa düşməyəni başa salmaq mümkündür ancaq başa düşmək istəməyini başa salmaq çox çətin olur. Bunun bircə yolu var, o da Azərbaycan xalqının məhşur bir ifadəsində öz əksini tapıb ki, başa düşməyəni necə başa salırlar". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, əslində Aprel döyüşlərində Azərbaycan ordusu bu zərb-məsəli tətbiq etdi: "Sarkisyan yalnız bundan sonra məsələnin nə yerdə oduğunu başa düşərək getməli oldu. İndi görünür Paşinyanı da bu cür başa salmağın vaxtı çatıb. İkinci "Aprel" həmləsi olsa Paşinyan dərhal Madrid prinsiplərini də onun nədən ibarət olduğunu da və necə dəqiq olduğunu da başa düşəcək. Bu gerçəkliyi bildiyi üçün Tonoyan qısa müddət sonra "format dəyişmək" həvəsindən düşdü və sülh istədiyini bildirdi. Hətta arzu etdi ki, Azərbaycan hərbi-siyasi elitası da sülhə hazırlaşsın. Elə biz də sülh istəyirik. Sülhün olması isə daha çox işğalçı Ermənistandan asılıdır. Torpaqlarımızdan çıxıb getsinlər ki, sülh olsun. Əks təqdirdə anlaşmağa çalışan soyadlar dəyişə bilər. Yəni artıq Məmmədyarovla deyil Həsənovla anlaşmalı olarlar ki bu da ermənilər üçün heç arzuolunan deyil. Düşünürəm ki, baş diplomatımız bu sözü yerində deyib və bunun ardınca əməli addımlar olmalıdır. Onda işğalçı Ermənistanın və onun hərbi-siyasi elitasının necə davarandığını hamımız görəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə