Fuad Muradov: “İran həqiqətən kömək etmək istəyirsə, o zaman azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ciddi addımlar atmalıdır”

Fuad Muradov: “İran həqiqətən kömək etmək istəyirsə, o zaman azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ciddi addımlar atmalıdır”
"Azərbaycan müstəqil və suveren ölkədir. Bizim daxili və xarici siyasətimiz Azərbaycanın öz maraqları çərçivəsində formalaşıb". Bu barədə SİA-ya açıqlama verən millət vəkili Fuad Muradov son zamanlar İran-Azərbaycan əlaqələrinə münasibət bildirib. O çox təəssüf hissi ilə qeyd edib ki, son zamanlar İran tərəfindən Azərbaycanın siyasəti ilə bağlı müxtəlif fikirlər səslənir. İranlıların Azərbaycana müəyyən təzyiqlər göstərməyə çalışdığını deyən F.Muradovun sözlərinə görə, yaxşı olardı ki, İran öz daxili siyasətində nöqsanlarını aradan qaldıra bilsin: "İranın azərbaycanlılar yaşayan bölgəsində nə orta məktəb, nə mədəni ocaqlar, nə də ki ali məktəblər var. Ancaq 200-300 min əhalisi olan ermənilərin 7-8 məktəbi fəaliyyət göstərir. Yaxşı olardı ki, bu məsələlərə diqqət yönəldilsin. İkincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu gün əksər beynəlxalq təşkilatlarda mövqe bildirilib ki, Ermənistan işğalçı dövlətdir. İran isə bu günə qədər Ermənistanla həm iqtisadi, həm ticari, həm də digər əlaqələrini genişləndirir. Təbii ki, əgər İran Azərbaycana kömək etmək istəyirsə, yaxşı olardı o, təcavüzkar Ermənistana bu istiqamətdə məsləhətlər verərdi ki, onlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etsinlər. İlk addım bu olmalıdır. Sonra isə həqiqətən kömək edib, məsləhət vermək istəyirsə, orada olan azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ciddi addımlar atmalıdır. Azərbaycanın bu gün belə məsləhətlərə ehtiyac yoxdur. Əgər nə vaxtsa lazım olsa, deyərik və onlar da öz məsləhətlərini verərlər".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan müstəqil və suveren bir dövlətdir. Onun sözlərinə görə, Azərbaycan da istəyir ki, qonşu ölkələrin də bizə qarşı münasibətləri beynəlxalq hüquq çərçivəsində olsun.

"Təəsüflər olsun ki, bu gün İran mətbuatında, televiziyasında Azərbaycan haqqında xoşagəlməz məlumatlar yayılır. Biz buna etirazımızı bildirir və xahiş edirik ki, bu məsələlərdə İran din xadimləri Azərbaycana qarşı biraz diqqətli olsunlar. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində daha ciddi addımlar atsınlar. Bir qrup qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışırlar. Açığı biz bunu təxribat kimi hesab edirik. Amma inanırıq ki, İranda normal düşünən insanlar var və onlar bu məsələdə bütün beynəlxalq hüquq və normalara riayət edəcəklər. Biz bunu inanırıq və istəməzdik ki, Azərbaycanla İran arasında bu məsələlərdə gələcək də belə problemlər yaşanacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə