“Atəşkəsin elan olunması müharibənin bitməsi demək deyil. Amma düşmən hələ də atəşkəs rejimini pozur. Lakin bizim qəhrəman əsgərlərimiz ön xətdə düşmənə layiqli cavab verir, ermənilərin təxribatlarının qarşısını alırlar”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Düşmənin ötən ilin aprelində aldığı ağır zərbədən sonra hələ də özünə gəlmədiyini vurğulayan hərbi ekspert bildirib ki, aprel döyüşləri Azərbaycan əsgərinin gücünü Ermənistan ilə yanaşı, bütün dünyaya göstərdi: “Artıq Ermənistan rəhbərliyi müharibə başlayacağı təqdirdə hansı aqibətlə üzləşəcəyini çox yaxşı bilir. Azərbaycan Silahlı Qüvvələrinin gücündən qorxuya düşən düşmən sosial şəbəkələrdə, mətbuatda öz narahatlığını bildirir. Bu barədə ən əsas narahatlığı Ermənistan ictimaiyyəti, erməni analar keçirirlər. Əgər Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməli olsa, o zaman düşmən daha çox itkiyə məruz qalacaq”.
Ş.Ramaldanov deyib ki, Azərbaycanda Silahlı Qüvvələrə demək olar ki, ümumilikdə Ermənistanın dövlət büdcəsi qədər büdcə vəsaiti ayrılır: “Bunun nəticəsidir ki, ordumuz ən müasir silah-texnikaya malikdir və ən müasir tələblərə cavab verir. İstər zirehli texnika, istər artilleriya və raket qurğuları, istər hərbi hava, istər hava hücümundan müdafiə, istərsə də hərbi dəniz qüvvələri, eləcə də rabitə, kəşfiyyat, loqistika, tibbi və s. təminatı yüksək səviyyədədir. Əgər hərbi təlimlərin foto və videolarını izləsək, bu dəyişikliyin ilbəil necə baş verdiyini görə bilərik. Ancaq Silahlı Qüvvələrimizin bel sütununu təbii ki, onun şəxsi heyəti tutur. O heyət ki, öz mərdliyi, cəsurluğu, qəhrəmanlığı, Vətəni uğrunda hər an şəhid olmağa hazırlığı ilə seçilir və bunu əməldə göstərir".
Hərbi ekspertin fikrincə, Azərbaycan Ordusu peşəkarlığı və döyüş hazırlığı baxımından düşməndən daha üstündür və istənilən an işğal altındakı torpaqlarımızı azad edə bilmək iqtidarındadır: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabit heyəti və hərbi mütəxəssisləri başqa ölkələrdə birgə keçirilən, eləcə də NATO-nun təlimlərində, tədbirlərində iştirak edir, hansı səviyyəyə malik olmalarını uğurla göstərə bilirlər. Qeyd edim ki, ordu nə qədər də ən müasir silah və texnika ilə təchiz olunsa da, onun şəxsi heyətinin peşəkarlığından, psixoloji durumundan, vətənpərliyindən çox şey asılıdır”.
Ş.Ramaldanov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, onun səviyyəsinin, döyüş hazırlığının artması bu gün bütün xalqımızın qürur mənbəyidir: “Azərbaycan ordusunun güclənməsi, keçirilən təlimlər Vətənin müdafiəsinə, işğal altında torpaqlarımızın azad edilməsinə yönəlib. Əgər Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Ermənistan işğalçı ordusunu geri çəkməsə, Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini bacarığını düşmənə göstərəcək. Bu isə işğalçıların darmadağın olunması, on minlərlə itki verməsi ilə nəticələnəcək. Əgər Azərbaycana mane olmasalar və Ermənistanla təkbətək buraxsalar, əminəm ki, ordumuz qısa zaman ərzində işğalçıları darmadağın edərək torpaqlarımızı geri qaytaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB