“Azərbaycan və Ermənistan tərəfi Avropa Şurasına daxil olarkən öhdəlik götürüb və ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə imza atıb. Hər iki tərəf qəbul edib ki, problem sülh yolu ilə həll olunsun. Bu baxımdan da danışıqlar mütləq olmalıdır. Yəni Ermənistan tərəfi danışıqlara ürəklə getməsə də və yaxud biz işğalçı ölkədən heç bir müsbət irəliləyiş görməsək də belə danışıqları davam etdirməliyik”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

“Əvvəlki illərə nisbətən Azərbaycanın mövqeyi qat-qat güclüdür. Xüsusilə də 2016-cı ilin aprel döyüşlərindən sonra Ordumuz öz gücünü bir daha nümayiş etdirdi. Ona görə də dünya ölkələri Ermənistanı sülhə hazırlayır. Ermənistan hakimiyyətinin siyasəti qeyri müəyyən olduğuna görə, dəqiq bir söz demək olmaz. Amma hər halda böhran keçirən bir ölkənin başçısı ilə inkişaf etməkdə olan, regionun ən güclü dövləti olan Azərbaycan rəhbəri görüşüb. Bu baxımdan biz Azərbaycanın hansısa üstün mövqe qazanmasına ümid edirik. Çünki Ermənistan onsuzda itirə-itirə gedir”-deyə, politoloq fikrini tamamlayıb.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunur.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB