Ermənistan siyasi dalana dirənib TƏHLİL

Ermənistan siyasi dalana dirənib TƏHLİL

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyanada baş tutacaq görüş hazırda diqqət mərkəzindədir. Görüşün təşkil edilməsində Avropa Birliyinin, Avropa Şurasının, eləcə də ATƏT-in Minsk Qrupunun səylərini də təkzib etmək olmaz və bu baxımdan nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri heç şübhəsiz dilemma qarşısındadır.

Paşinyan danışıqların formatını dəyişdirməklə bağlı sayıqlamalarla çıxış etsə də rəsmi Bakının siyasəti və beynəlxalq təşkilatların səyləri sayəsində bu sayıqlamalar gündəmdən yığışdırıldı. Azərbaycan tərəfi də, beynəlxalq strukturlar da, Minsk qrupunun həmsədrləri də aydın şəkildə izah etdi ki, bu məsələ müzakirəyə qapalıdır və danışıqlarda iştirak edən yalnız iki tərəf var. Yəni üçüncü tərəfin qoşulması qeyri-mümkündür və qəbuledilməzdir. Bir sözlə, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli formatının dəyişdirilməsinə dair müxtəlif bəyanatları, şüarları puça çıxıb.
Erməni baş nazirinin puça çıxan xəyallarını bir daha canlandırmaq həvəsi ola bilsin ki, bir daha baş qaldıra. Yəni, Azərbaycan Prezidenti ilə danışıqların formatını bir daha müzakirə etmək arzusunu da təkzib etmək olmaz və hiyləgər erməni xisləti üçün xarakterik olan bu məsələ də başadüşüləndir. Ancaq ölkə başçımızın danışıqların mövcud formatda da davam etdiriləcəyi barədə bildirməsi Paşinyanın ümidlərini növbəti dəfə də qırmalı olacaq. Məhz Vyana görüşü də bu fonda baş tutacaq və erməni baş nazir reallıqdan qaça bilməyəcək.

Vyanada keçiriləcək görüşdə ermənilərin seçim imkanları yoxdur və Ermənistanın siyasi baxımdan dalana dirəndiyi günün reallığıdır

Bəlkə də , bu ilk görüşdə hansısa qeyri-adi və radikal qərarlar qəbul edilməyə bilər. Əslində, Paşinyan kimi mövqesiz bir baş nazirdən kardinal dəyişikliklər barədə qərar verməsini gözləmək də sadəlövhlük olardı. Çünki, bu vaxta qədər olan müddətdə erməni baş nazirinin pafoslu çıxışlarından, populist çağırışlarından və bu kimi bəyanatlarından başqa nəyə isə nail olduğunun, hansısa uğura imza atdığının şahidi olan yoxdur. Əksinə, baş nazir kürsüsünü ələ keçirsə də Paşinyan hələ də nümayiş əhval ruhiyyəsindədir. Hələ də nümayişlərdəki psixoloji durumu dövlət idarəçiliyinə daşımaqdadır və hələ də boş, əsassız vədlər verir. Amma onu da nəzərə almaq lazımdır ki, bundan əvvəlki görüşlər ayaqüstü formada keçirilirdi və bu baxımdan nəzərdə tutulan ilk görüşdən gözləntiləri də inkar etmək olmaz.

Vyanada keçiriləcək görüş barədə optimist düşünməmək də yanlışlıq olardı. Çünki, başda Nikol Paşinyan olmaqla bütün ermənilər başa düşürlər ki, onların artıq seçim imkanları yoxdur və ən azından danışıqlarda iştirak etmək məcburiyyətindədirlər. Özü də arzuladıqları yeni formatda deyil, bu vaxta qədər davam edən eyni formatda danışıqlar aparmaqdan başqa çarələri qalmayıb. Bir sözlə, belə bir çarəsizliklə barışmaqdan başqa yolun olmadığını ermənilər çox gözəl bilirlər.

Digər və ən əsas bir reallıq ondan ibarətdir ki, Ermənistanın rəhbərliyi ölkənin siyasi dalana dirəndiyini lap yaxşı başa düşür. Həqiqətən də Ermənistanın siyasi baxımdan dalana dirəndiyi günün reallığıdır. Reallığı təsdiq edən fakt isə odur ki, artıq beynəlxalq təşkilatlar tərəfindən də, həmsədrlər tərəfindən də Ermənistan tərəfinin qarşısında konkret şəkildə şərt qoyulub və danışıqlar üçün yeni format kəşf etməyə heç bir ehtiyacın olmadığı işğalçı dövlətə bildirilib. Yeni hiyləyə əl atmağın mümkünsüz olduğunu, beynəlxalq təşkilatların, Minsk Qrupu həmsədrlərinin onların qarşısında şərt qoyduğunu dərk edən ermənilər məhz bu səbəbdən özlərini dalanda hiss edirlər. Marginallaşmış, küncə qısılmış Ermənistanın qlobal iqtisadi layihələrdən kənarda qalması, ölkənin get-gedə daha ağır duruma sürüklənməsi, səfalətin, yoxsulluğun daha da artması, acınacaqlı vəziyyətin bütün ölkəni bürüməsi isə bu dalanı daha da daraltmaqdadır. Bu dalandan çıxmaq üçün isə ilk növbədə, Azərbaycanın torpaqlarını işğaldan azad etmək lazım olduğunu başda Paşinyan olmaqla bütün ermənilər yaxşı başa düşürlər. Belə bir fonda ilk rəsmi görüşün keçirilməsi hansısa qeyri-adi nəticələr olmasa belə Azərbaycanın mövqeyi baxımından çox müsbət bir amildir.

Ermənistanın xilası yalnız münaqişənin ədalətli həllindən, Dağlıq Qarabağın qeyd-şərtsiz Azərbaycana qaytarılmasından keçir

Nümayişlərdən birbaşa hakimiyyət kürsüsünə daşınan, daha dəqiq desək hakimiyyət çevrilişi edən Paşinyanın bir ilə yaxın dövrdəki fəaliyyəti göz qabağındadır və heç bir müsbət nəticə əldə edə bilmədiyi də bir reallıqdır. Bu reallığın bütün dünya ictimaiyyəti ilə yanaşı erməni cəmiyyəti də şahididir. Şahididir ki, nümayişlərdə vədlər verən Paşinyan bir il müddətində heç bir vədinə əməl edə bilməyib. Heç edə biləcəyinə belə nəinki erməni cəmiyyətinin, əslində özünün belə ümidi yoxdur. İndi heç kim üçün sirr deyil ki, nümayişlərin lideri kimi təqdim edilən bu erməni verdiyi vədlərdən hakimiyyəti ələ keçirmək məqsədi ilə hiylə kimi istifadə edib. Heç kimə sirr deyil ki, Paşinyanın ixtiyarı belə heç zaman öz əlində olmayıb və o kimlərinsə ssenarisi ilə ortaya atılıb. Məhz bu baxımdan da cəsarətlə demək olar ki, Paşinyanın oyunbazlığı heç də səbəbsiz deyil.

Ermənistandakı elektoral baza sarıdan narahat olan Paşinyan indiyə qədər elektoral bazanın emosiyaları ilə oynayaraq özünü sığortalamağa çəhd edib. Belə oyunbazlıqla sözsüz ki, reytinqini qoruyub saxlamağa çalışıb və indi də çalışır. Yəni, hələ də oyunlara meyl etməsi heç də səbəbsiz deyil və bu oyunbazlığı tam aydın məsələ olduğu qədər də başadüşüləndir. Çünki, nümayişlərdə vəd verən, qızıldan dağlar söz verən nümayişçi idarəetmə qabiliyyətinin olmadığını, uğur, müsbət nəticə əldə edə bilməyəcəyini hamıdan yaxşı bilir.

Digər tərəfdən, bu gün danışıqları bəlli bir çərçivəyə salan və bu çərçivədən kənara çıxmağa imkan verməyən qüvvələr var. Daha dəqiq desək, danışıqların hansısa çərçivədə qalmasına maraqlı qüvvələr Paşinyan kimi naşi, siyasətdən idarəetmədən xəbərsiz birinə bu çərçivədən çıxmağa imkan verməz. Onun özünün isə kənara çıxmağa nə cəsarəti, nə də hansısa qabiliyyəti çatmır. Erməni baş nazirinin qabiliyyəti yalnız oyunbazlıq etmək səviyyəsindədir və biz bunun nümayişlər zamanı da şahidi idik.

Xüsusilə qeyd etmək lazımdır ki, Rusiyanın təlimatları olmadan Ermənistan tək bircə məsələyə belə qərar vermək iqtidarında deyil. Rusiya hələ də danışıqlar prosesində inhisarçı mövqeyini qoruyub saxlamaqdadır və işğalçı dövlətdə, onun baş nazirinin iddia və xəyal etdiyi müstəqillikdən əsər-əlamət yoxdur. Bir sözlə, nə edə bilməyəcəyi halda Paşinyanın müxtəlif oyunlara əl atmaqdan, məsələni uzatmaqdan başqa çarəsi qalmadığı tam şəkildə aydındır. Bəzən Qərbin, bəzən də Rusiyanın ətəyindən tutmağa cəhd edən Ermənistan, eləcə də bu ölkənin baş naziri əslində müəmmalı bir vəziyyətdə qaldığının fərqindədir. Lakin bu işğalçı ölkə və bütün ermənilər əslində onun fərqində olmalıdırlar ki, məhv olmaqda olan Ermənistanın xilası yalnız münaqişənin ədalətli həllindən, Dağlıq Qarabağın qeyd-şərtsiz Azərbaycana qaytarılmasından keçir. Əks halda bu ölkəni nə xarici qüvvələr, nə hansısa fövqəl dövlətlərin təlimatları, nə də Paşinyanın oyunbazlığı, yaxud da şıltaqlığı xilas edə bilməyəcək.

Vyanda keçiriləcək görüşdə məhz bu həqiqətləri və yenə də konkret prinsipial mövqeyimizi dövlət başçımız Paşinyanın diqqətinə çatdıracaq. Əlbətdə ki, nə qədər təcrübəsiz, nə qədər naşı siyasətçi olsa da belə Ermənistanın baş naziri bütün bunlardan nəticə çıxarmaq məcburiyyətindədir. Əks halda daha acınacaqlı durum, daha böyük səfalət Ermənistanın başının üstünü alacaq və bunu erməni baş nazir başa düşməlidir ki, Ermənistan siyasi dalana dirənib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə